Autizmli uşaqların valideynləri üçün təlim təşkil edilib





Bakı, 15 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərindən yararlanan uşaqların valideynləri üçün təlim təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimin məqsədi autizmli uşaqların daxili aləmini, ehtiyaclarını və duyğularını valideynlərə tanıtmaqda dəstək olmaqdır.
“Sükutun dili” adlanan sessiyada iştirak edən valideynlərə autizm spektr pozuntusu olan uşaqların davranışlarını yalnız səthi müşahidə ilə deyil, emosional və psixoloji səbəblərlə birgə başa düşmək yolları öyrədilib. Təlim zamanı iştirakçılar uşaqların jestləri, mimikaları, reaksiya formaları və gündəlik davranış nümunələri üzərindən analiz aparmaq bacarıqları ilə tanış olub, real situasiyalar üzərində təcrübə qazanıblar. Hər bir uşağın fərdi ehtiyacına uyğun şəkildə yanaşma metodlarının seçilməsi, ailə dəstəyinin bu prosesdə necə mühüm rol oynadığı barədə geniş müzakirələr aparılıb.
Qeyd edək ki, belə maarifləndirici tədbirlər valideynlərin emosional dayanıqlığını gücləndirməklə yanaşı, onların sosial rifahına da müsbət təsir edir.