Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub







Qazax, 18 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında “Açıq qapı” günü elan edilib, tədbir təşkil olunub. Tədbirin məqsədi Azərbaycanın zəngin maddi-mədəni irsinin təbliği, xalqımızın qədim sənət ənənələrinin yaşadılması və gənc nəslin bu irsə marağının artırılmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində milli və mədəni irsimizə dair müxtəlif sahələri əhatə edən təqdimatlar olub.
Tədbirdə daraq vasitəsilə yun əyirmə, cəhrə ilə yundan ip hazırlamaq və xalça toxumaq sənəti nümayiş etdirilib, həmçinin kəlağayı üzərində basmanaxış sənətkarlığı nümunələri sərgilənib. Tədbir iştirakçıları qədimdən bu günə ötürülən sənət nümunələrinin hazırlanma prosesi ilə yerində tanış olmaq imkanı qazanıblar.
Bundan əlavə, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil edilib, abidələr və onların tarixi əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumatlar verilib.
Tədbirdə rayon məktəbliləri, “Gənclər evi” sosial xidmət müəssisələrinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.