İQTİSADİYYAT
Aviabileti olan sərnişinlər aeroporta gəlməmişdən öncə məlumat büroları ilə əlaqə saxlayıb aviareyslər barədə əlavə məlumat ala bilərlər
Bakı, 8 fevral (AZƏRTAC). Kəskin hava şəraiti səbəbindən bəzi aviareyslərin təxirə salınma ehtimalının olduğu üçün aviabilet almış sərnişinlər aeroporta gəlməmişdən öncə məlumat büroları ilə əlaqə saxlayıb əlavə məlumat ala bilərlər.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirmişdir ki, “Tatarıstan Hava Yolları” aviaşirkətinə məxsus, Kazan-Bakı aviareysi üzrə Bakıya yola salınan təyyarə Azərbaycan paytaxtında hava şəraitinin əlverişsiz olması səbəbindən Dağıstanın Mahaçqala şəhərinə enmişdir. Bu saatlarda Bakı-İstanbul aviareysi yola salınmışdır. Həmçinin “Azərbaycan Hava Yolları”nın Bakı-Dubay, Bakı-Sankt-Peterburq və Bakı-Moskva aviareyslərinin də reallaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, ATR tipli təyyarələrlə yerinə yetirilən aviareyslər müvəqqəti olaraq ləğv edilmişdir. Kəskin hava şəraiti ATR tipli təyyarələrlə uçuşların həyata keçirilməsi üçün əlverişsizdir. Buna görə, Bakı-Tehran, Bakı-Tbilisi və Bakı-Gəncə aviareysləri müvəqqəti təxirə salınmışdır.
Kəskin hava şəraiti səbəbindən bəzi aviareyslərin təxirə salınma ehtimalının olduğunu deyən Məhərrəm Səfərli, aviabilet almış sərnişinlərə aeroporta gəlməmişdən öncə məlumat büroları ilə əlaqə saxlamağı tövsiyə etmişdir.