Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının nümayəndə heyəti Türkiyədə səfərdə olub










Bakı, 29 may, AZƏRTAC
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımovun rəhbərliyi ilə qurumun Belçika, Almaniya, Finlandiya, Azərbaycan və Türkiyə təmsilçilərindən ibarət nümayəndə heyəti qardaş Türkiyəyə səfər edib.
Şuradan AZƏRTAC-a bildirilib ki, Ankarada nümayəndə heyəti bir neçə görüş keçirib. Türkiyə Böyük Millət Məclisində (TBMM) Baş katib Talip Uzun, Türkiyə İctimai Diplomatiya Departamentinin rəhbəri Oğuz Güner, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və TBMM-in bir neçə komissiyasına rəhbərlik edən nazir Vedat Bilgin ilə baş tutan görüşlərdə EAPCA haqqında geniş məlumat verilib, qardaş Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, Türkiyə Prezidentinin baş məsləhətçisi və köməkçisi professor Seyit Sertçelik ilə keçirilən görüşdə Türkiyə və Azərbaycanın xaricdə qarşılaşdıqları ortaq problemlər və onların həlli yolları müzakirə olunub.
Eyni zamanda, TİKA rəhbərinin müavini Ümit Naci Yorulmaz, Mərkəzi Asiya və Qafqaz Departamentinin rəhbəri Ali Özgün Öztürk və digər mütəxəssislərlə səmərəli danışıqlar aparılıb. TİKA rəsmiləri ilə görüşdə Azərbaycanla bağlı layihələr və fəaliyyətlər müzakirə edilib.
Şuranın Avropa ölkələrindən olan təmsilçiləri çıxışlarında öz təşkilatları və lobbiçilik fəaliyyətləri barədə danışıblar, Azərbaycan və Türkiyə təşkilatlarının birgə fəaliyyətlərinin önəmini diqqətə çatdırıblar.