CƏMİYYƏT
Avropa Amerikan Mətbuat Klubunun üzvləri Azərbaycanın antiterror tədbirləri barədə məlumatlandırılıb VİDEO


Paris, 19 sentyabr, AZƏRTAC
Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Avropa Amerikan Mətbuat Klubunun (European American Press Club) təşkilatçılığı ilə səfir Leyla Abdullayevanın jurnalistlərlə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa Amerika Mətbuat Klubunun həmsədri Kristian Malardın moderatorluğu ilə keçirilən görüşün əvvəlində səfir Leyla Abdullayeva Azərbaycanın müxtəlif dövrlərdəki xəritələrini, xüsusilə də 1918-ci ildə Paris Sülh Konfransında təsdiqlənmiş xəritəsini təqdim edərək, Azərbaycanın multietnik, multikultural ölkə olduğunu bildirib. Mənşəyindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu vurğulayıb.
Səfir Ulu Öndər Heydər Əliyevin müəllifliyi və rəhbərliyi ilə həyata keçirilmiş iqtisadi islahat və strategiya nəticəsində ölkə iqtisadiyyatının sürətli inkişafından danışıb. Qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra erməni işğalı ilə üzləşib, işğal dövründə ərazilərimiz erməni silahlı qüvvələri tərəfindən yerlə-yeksan edilib, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən işğala son qoyulub və hazırda azad edilmiş ərazilərdə quruculuq işləri aparılır. Qeyd edilib ki, çox vaxt bir-birinə zidd bəyanatlar verən Ermənistanın baş naziri N. Paşinyan ölkəsinin Qarabağda daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.
Laçın dəhlizi haqqında ətraflı məlumat verən səfir L.Abdullayeva bildirib ki, bu dəhlizdən qaçaqmalçılıq üçün istifadə edildiyinə görə sərhəd nəzarət məntəqəsi qurulub. Laçın yolunda “blokada”nın olması doğru deyil. Qarabağdakı radikal separatist qüvvələr vəziyyəti siyasiləşdirir və əslində, bu bəhanə ilə Qarabağda yaşayan erməniləri girov saxlayırlar.
Azərbaycanın həmişə sülh tərəfdarı olduğunu vurğulayaraq, onun qonşu ölkə ilə vəziyyəti normallaşdırmaqda və sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycan səfiri separatistlərin törətdiyi son terror aktı ilə bağlı məlumat verərək bildirib ki, digər qonşu ölkələrdə azərbaycanlılar və ermənilər eyni kənddə birgə yaşayırlar və onlar arasında yaxşı münasibətlər mövcuddur. O bildirib ki, Qarabağda yaşayan erməniləri orada olan separatçı qruplardan fərqləndirmək lazımdır.
Sonda səfir L.Abdullayeva jurnalistlərin Azərbaycan iqtisadiyyatı, Ermənistan-Azərbaycan münasibətləri və Laçın dəhlizinə dair suallarını cavablandırıb.
Bildirib ki, Azərbaycan dünyəvi, multikultural, multikonfessional ölkədir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritetlər arasındadır. Bu gün Azərbaycan yaşıl enerjiyə önəm verir. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu haqqında məlumat verilib.
Görüşün sonunda jurnalistlərin sualına cavab olaraq bildirilib ki, ötən gün separatçılar azərbaycanlılara qarşı terror aktı törədib, nəticədə polis əməkdaşları həlak olub. Separatçıların bu təxribatlarına qarşı Azərbaycanın antiterror tədbirlərinə başlayıb.
Görüşdə Türkiyənin Fransadakı yeni səfiri Yunus Demirer də iştirak edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris