İDMAN
Avropa çempionatında uğurla çıxış etmiş sərbəst güləşçilərimiz Vətənə qayıtmışlar
Bakı, 21 iyun (AZƏRTAC). Monteneqronun Bar şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, ölkəmizi uğurla təmsil edən sərbəst güləşçilər Avropa çempionatında 4 qızıl, 4 bürünc medal qazanaraq 75 xalla komanda hesabında Avropa birincisi olmuşlar.
Avropa çempionlarını Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılamışlar.
Yeniyetmələrdən ibarət sərbəst güləş komandasının böyük məşqçisi Əsgərxan Novruzov çempionat barədə təəssüratlarını bölüşmüşdür. Federasiya rəhbərliyi tərəfindən komandaya göstərilən xüsusi diqqət və qayğıdan danışan Ə.Novruzov bildirmişdir ki, ötən il analoji yarışda komandamız ikinci yeri tutmuşdur. Bu il hədəfimiz çempion olmaq idi və buna nail olduq. Yüksək hazırlıq prosesi keçmişdik.
Qeyd edək ki, çempionatda Rusiya (74 xal) ikinci, Ukrayna (61 xal) komandası isə üçüncü olmuşlar.