Avropa İnvestisiya Bankı və Afrika İxrac-İdxal Bankı Afrikada koronavirusa qarşı mübarizəyə 300 milyon avro ayıracaq

Madrid, 6 avqust, AZƏRTAC
Bu gün Avropa İnvestisiya Bankı (AİB) və Afrika İxrac-İdxal Bankı Afrikada koronavirusa qarşı mübarizəyə 300 milyon avro ayıracaqlarını elan ediblər.
AZƏRTAC xəbər verir ki, ayrılan vəsait pandemiya fəsadlarının aradan qaldırılmasına, iqlim dəyişiklikləri ilə mübarizəyə və enerji istehlakının və tullantıların azaldılmasına yönəldiləcək.
Dəstək paketi AİB-nin “Avropa komandası” təşəbbüsü çərçivəsində Afrikanın Böyük Səhradan cənubda yerləşən regionlarında COVID-19-a qarşı görüləcək təcili tədbirlərdən birincisidir.
6,7 milyard avro həcmində ümumi paketin daxil olduğu bu təşəbbüs daha yoxsul ölkələrə və pandemiyadan zərər çəkən insanlara yönəldiləcək, səhiyyə sahəsində böhranın tezliklə aradan qaldırılmasına, sosial və iqtisadi fəsadların azaldılmasına yardım olacaq.
Bu qitədə COVID-19 pandemiyası barədə son statistik məlumatlara müvafiq olaraq, Afrikanın 55 ölkəsində 976 min yoluxma və 21.050 ölüm faktı qeydə alınıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid