AVROPA İTTİFAQI-AFRİKA İKİNCİ ZİRVƏ TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Frans Press agentliyinə istnadla xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda Avropa İttifaqı (Aİ)-Afrika ikinci zirvə toplantısı keçirilmişdir. Toplantıda hər iki qitə ölkələrinin prezidentləri və hökumət başçıları ilə bərabər Avropa mülki təşkilatlarının, Afrikanın həmkarlar, qeyri-hökumət və gənclər təşkilatları təmsilçiləri və iş adamları iştirak etmişlər. İngiltərənin Baş naziri Zimbabve diktatoru Robert Müqabenin toplantıda iştirakına etiraz əlaməti olaraq Lissabona gəlməkdən imtina etmişdir.
Toplantıda bərabərlik səviyyəsində strateji əməkdaşlıq, ətraf mühit, iqlim dəyişikliyi məsələləri müzakirə edilmiş, yeni əlaqələrin yaradılması barədə fikir mübadiləsi aparılmışdır.
Afrika ölkələrində insan hüquqları geniş müzakirələrə sabəb olmuşdur. Almaniya kansleri Angela Merkel qitənin bəzi dövlətlərində demokratiyanın ləng inkişaf etdiyini, insan hüquqlarının pozulduğunu qeyd etmiş, toplantının iki qitə ölkələrinin əməkdaşlığında yeni səhifələr açacağını bildirmişdir.
Zimbabveli həmkarı ilə danışıqlardan imtina etmiş Fransa Prezidenti Nikola Sarkozi Anqola, Kot d” İvuar və Çadda insan hüquqlarının pozulması ilə əlaqədar yaranmış vəziyyətdən narahat olduğunu diqqətə çatdırmış, inkişaf mərhələsini keçmiş Avropanın dünyanın ən kasıb qitəsi hesab olunan Afrika ilə əməkdaşlığın əhəmiyyətini və qitə ölkələrinə yardımın zəruriliyini qeyd etmişdir.
Zirvə toplantısında qitələrarası iqtisadi əməkdaşlıq, Afrikada siyasi vəziyyət, Darfur böhranı və digər məsələlər ətrafında da müzakirələr aparılmışdır.