Avropa İttifaqı və ÜST psixi sağlamlıq xidmətləri üzrə əhalinin məlumatlandırılması üçün Bərdədə maarifləndirici kampaniya keçirib



Bakı, 15 may, AZƏRTAC
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı ilə mayın 15-də Bərdə “ASAN xidmət” mərkəzində maarifləndirici kampaniya təşkil edib.
Ofisdən AZƏRTAC-a bildirilib ki, kampaniyanın məqsədi psixi sağlamlıq və psixo-sosial dəstək mövzusunda əhalinin maarifləndirilməsini artırmaq və bu sahədə mövcud olan stiqmaları azaltmağa təşviq etməkdir.
Maarifləndirmə kampaniyası zamanı layihənin psixoloqları və sosial işçiləri əhalini psixi sağlamlıq haqqında məlumatlandırıb, onların stress və narahatlıq səviyyələrini qiymətləndirmək üçün testlər keçiriblər. Eyni zamanda, vətəndaşlara stres, depressiya, təşviş və post-travmatik stres pozuntusu kimi psixi sağlamlıq halları, eləcə də mübarizə mexanizmləri haqqında məlumatlardan ibarət broşürlər paylanılıb.
“Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə səviyyəsində təkmilləşdirilməsi məqsədilə ÜST-nin Azərbaycan ölkə ofisi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi Azərbaycanda psixi sağlamlıq və psixo-sosial dəstək (sahəsinin inkişafı üçün multidisiplinar koordinasiya mexanizminin yaradılmasına kömək etmək və ilkin səhiyyə xidməti göstərən müəssisələrdə psixi sağlamlıq xidmətinin göstərilməsi üçün potensialın formalaşdırılmasıdır. Bu layihə keçmiş təmas xətti boyunca yerləşən 5 rayonu - Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtəri əhatə edir və Aİ ilə ÜST-nin Azərbaycana olan davamlı dəstəyinin tərkib hissəsidir.