DÜNYA
Avropa İttifaqında plastik çubuqları qadağan etmək istəyirlər
Berlin, 1 may, AZƏRTAC
Almaniyalı ekoloqlar Böyük Britaniyada başlayan plastik çubuqların qadağan edilməsi hərəkatını alqışlayırlar, amma plastik zibilin digər təhlükəli növləri olduğunu göstərirlər. AZƏRTAC xəbər verir ki, Londonun ekoloji siyasətinə nəzərdə tutulan dəyişiklikləri Almaniya Təbiəti Mühafizə İttifaqında (NABU) belə şərh ediblər.
Plastik zibil probleminə münasibətin radikal şəkildə dəyişməsi son həftələr təkcə Aİ-nin siyasi dairələrində deyil, Avropa cəmiyyətində də hiss olunur. Jurnalistlərin çoxu düşünür ki, 2017-ci ilin sonunda BBC-də yayımlanan “Mavi planet” televiziya serialı hərəkata emosional təkan verib. Dünyanın ən məşhur teleaparıcılarından və naturalistlərindən biri olan Devid Attenboro dəniz və okeanların çirkləndirilməsinin heyvanlar üçün dəhşətli nəticələrini nümayiş etdirib.
Ekspedisiyalar zamanı dünya okeanında ekoloji durumun pisləşməsinin şahidi olan ekoloq və alimlərin çoxsaylı dəlilləri də öz işini görüb. Bundan əlavə, Kosta-Rika sahilində tısbağanın burun deşiyindən plastik çubuğun çıxarılması barədə vaxtilə “YouTube”da yayımlanan klip yenidən populyarlaşmağa başlayıb. Zənnimizcə, hətta kiçik versiyası yalnız əsəbləri möhkəm olan adamların baxması üçün yararlı olan bu klip artıq milyonlarla baxış sayı toplayıb.
Nəhayət, hazırda ekologiyaya münasibətin dəyişməsi üçün uğurlu siyasi məqam yetişib.
Almaniya hökuməti plastik kütlədən hazırlanmış bəzi birdəfəlik məmulatın, o cümlədən kokteyl, pambıq və içmə çubuqlarının qadağan edilməsi üzərində çalışır. Qadağa 2019-cu ildə qüvvəyə minə bilər və hələlik yalnız AFR ərazisində qüvvədə olacaq.
Statistika narahat edir. ABŞ-ın “One Less Straw” ictimai təşəbbüsünün məlumatına görə, hər il dünyada plastik kütlə qırıntılarını udması nəticəsində 100 min dəniz heyvanı və 1 milyon dəniz quşu həlak olur. ABŞ-da təkcə bir gün ərzində tullanan bütün plastik çubuqların uzunluğu isə Yer kürəsinin perimetrindən 2,5 dəfə çoxdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin