AVROPA İTTİFAQININ NÜMAYƏNDƏLƏRİ TBİLİSİDƏ SƏFƏRDƏ OLMUŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya-Gürcüstan münasibətlərində yaranmış gərginliyi zəiflətmək məqsədilə mayın 12-də Sloveniya, İsveç, Polşa, Latviya və Litva xarici işlər nazirləri Gürcüstanda səfərdə olmuşlar.
Xatırladaq ki, son vaxtlar gürcü-abxaz münaqişə zonasında gərginlik xeyli artmışdır. Tərəflər biri-birini münaqişə bölgəsinə hərbi qüvvə yeritməkdə və məxfi surətdə hücuma hazırlaşmaqda təqsirləndirirlər.
Gürcüstanda bu səfəri Avropa İttifaqının Rusiya ilə mübahisədə rəsmi Tbilisiyə dəstəyi kimi dəyərləndirirlər. Xüsusilə də Avropa İttifaqına sədrlik edən ölkə kimi Sloveniyanın rolu qeyd olunur.
Avropa İttifaqının üzvü olan beş ölkənin xarici işlər nazirlərindən ibarət nümayəndə heyətinin üzvləri Gürcüstan Prezidenti Mixail Saakaşvili və xarici işlər naziri Yekaterina Tkeşelaşvili ilə görüşmüşlər. Bağlı qapılar arxasında davam edən görüşdən sonra keçirilən mətbuat konfransında Mixail Saakaşvili Avropa İttifaq;na son vaxtlar verdiyi bəyanatlara görə dərin təşəkkür etmiş, bununla belə qaçqınların bəyanatlarla doğma yurdlarına qaytarılmasının mümkünsüzlüyünü vurğulamışdır. Son vaxtlar Gürcüstan-Rusiya münasibətlərində yaranmış gərginliyə toxunan M.Saakaşvili qonşu dövləti beynəlxalq hüquq normalarını pozmaqda ittiham etmişdir. M.Saakaşvili Avropa İttifaqından münaqişənin tənzimlənməsi prosesinə daha fəal qoşulmağı xahiş etmişdir.
Qonaqlar Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini birmənalı şəkildə təsdiq etmişlər. Avropa İttifaqının nümayəndələri elə həmin gün Tbilisidən getmişlər.
Bu görüşədək isə Tbilisidə ABŞ-ın və Avropanın bir sıra nüfuzlu diplomatları səfərdə olmuşlar. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Mətyu Brayzə Tbilisidə və Suxumidə vacib görüşlər keçirmişdir. ABŞ rəsmisi demişdir ki, tərəflər arasında danışıqlar aramsız davam etməlidir. Brayzə münaqişənin həllində hərbi vasitənin istisna olunduğunu vurğulamışdır.
Bununla belə, Tbilisidə diplomatların indiki məqamda başlıca məqsədlərinin Gürcüstandakı sülhməramlıların formatının dəyişdirilməsinə zəmin yaratmaq variantını nəzərdən keçirmək olduğunu da deyirlər. Çünki Tbilisidə Moskvanın Abxaziyada və Cənubi Osetiyada separatçıları açıq-aşkar dəstəkləməsindən danışılır. Ona görə də amerikalılar gürcülərlə abxazlar arasında il yarım öncə kəsilmiş əlaqələri bərpa etməyə cəhd göstərirlər. Qondarma Abxaziya Respublikasının xarici işlər naziri Sergey Şamba bildirmişdir ki, Mətyu Brayzə ilə görüşü zamanı Amerika diplomatını danışıqların yalnız gürcü tərəfin Yuxarı Kodoridən hərbçiləri çıxarmasından sonra mümkün ola biləcəyini inandırmağa çalışmışdır.
Rusiya Müdafiə Nazirliyi isə bəyan etmişdir ki, əgər rəsmi Tbilisi Abxaziya ilə sərhədə qoşun yeritməkdə davam edərsə, bölgəyə yeni Rusiya hərbçiləri göndəriləcək və onların sayı 3 minə çatdırılacaqdır.