Avropa Komissiyası: Aİ və London Brexit barədə sonsuz danışıqlar apara bilməz
Bakı, 4 aprel, AZƏRTAC
Avropa İttifaqı və London Brexit barədə sonsuzluğa qədər danışıqlar apara bilməz, Britaniya parlamenti, nəhayət, hər hansı bir qərar qəbul etməli və Birləşmiş Krallığın nə istədiyini deməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans “Die Welt” qəzetinə müsahibəsində bildirib. “Biz Brexit üzrə sonsuz danışıqlar apara və onu daim bir neçə həftə uzada bilmərik. Britaniya parlamenti, nəhayət, qərar qəbul etməli və Londonun nə istədiyini deməlidir. Bizim Avropa vətəndaşları qarşısında Aİ-nin daxili bazarını, İrlandiyanı və Avropa İttifaqının prinsiplərini qorumaq barədə öhdəliyimiz var”, - deyə Avropa Komissiyası sədrinin birinci müavini qeyd edib.
Timmermans Britaniya hökumətini və müxalifəti Brexit barədə həmrəyliyə çağıraraq deyib: “Ümid edirəm ki, hər iki əsas partiyanın sədri (Tereza Mey və Ceremi Korbin) yubanmadan milli maraqları nəzərə alacaq və yalnız partiya maraqlarını düşünməkdən əl çəkəcək”.
Xatırladaq ki, İcmalar Palatasının deputatları martın 29-da Brexit üzrə sazişi üçüncü dəfə rədd edib. Beləliklə, Britaniya parlamenti Brexit prosesini mayın 22-nə qədər uzatmağa razılıq verən Avropa İttifaqının şərtlərini yerinə yetirməyib. Bundan sonra London Brüsselə alternativ variant təklif etməsə, aprelin 12-nə qədər ittifaqı sazişsiz tərk etməlidir.
2016-cı ilin iyununda keçirilən Brexit referendumunun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi. Lakin ötən il noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasına tərəfdar olduğunu bildirmişdi.