DÜNYA
Avropa Komissiyası Polşa üçün COVID-19 yardımlarına icazə verib
Varşava, 2 iyun, AZƏRTAC
Avropa Komissiyası aylardan bəri davam edən mübahisələrdən sonra Polşa hökuməti ilə COVID-19 yardımlarının ödənməsinə dair razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Centiloni verib. O bildirib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Layen iyunun 2-də Varşavada olacaq və razılaşmanın detallarını açıqlayacaq.
Digər Aİ ölkələrindən fərqli olaraq Polşaya COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində yardımların ayrılmaması bu ölkənin mübahisəli ədliyyə islahatları ilə bağlı idi. Tənqidçilərin fikrinə görə, bu islahatlar polyak hakimlərin müstəqil qərar verə bilmək səlahiyyətlərini məhdudlaşdırırdı. Avropa Komissiyası yardım vəsaitlərin ödənilməsini dayandırmasını ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi.
Ümumi həcmi 800 milyard avro olan yardım fondundan Polşa üçün nəzərdə tutulan vəsaitlərin ödənilməsi tezliklə baş verməyəcək. Razılaşdırılmış aralıq hədəflərə nail olmaq üçün Polşa əvvəlcə Aİ qurumlarına müvafiq “yol xəritəsi” təqdim etməlidir. Ədliyyə islahatına dair maneələr aradan qaldırıldığına görə, Polşa üçün 36 milyard avro həcmində yardımlar artıq əlçatan görünür.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava