AVROPA KOMİSSİYASI XOCALI SOYQIRIMI BARƏDƏ İLK DƏFƏ OBYEKTİV İFADƏLƏR İŞLƏTMİŞDİR
Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, Avropa İttifaqı yanında daimi nümayəndəliyinin birinci katibi, Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının (BATƏŞ) fəxri sədri Fuad Hümbətov AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar BATƏŞ fevralın 16-da Avropa Komissiyasının (AK) iqamətgahı qarşısında etiraz aksiyası keçirmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciənin Avropa təssisatları tərəfindən soyqırım kimi tanınması barədə məktub isə qurumun rəsmi nümayəndəsinə təqdim olunmuşdur.
Avropa Komissiyası BATƏŞ-in məktubuna bu günlərdə verdiyi cavabda XX əsrin dəhşətli faciəsini pisləmişdir. Qanlı aktın, insanlığa yaraşmayan vəhşiliyin həyata keçirilməsi AK-nın sədri Joze Manuel Barrozunun adından açıq şəkildə ifadə edilmiş və nüfuzlu beynəlxalq təşkilatlardan biri kimi AK-nın məktubunda ilk dəfə olaraq Xocalı faciəsi barədə daha obyektiv ifadələr işlədilmişdir.
AK-nin sədrinin adından qurumun Xarici Əlaqələr Baş Direktorunun Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asya respublikaları üzrə məsul əməkdaşı Viktor Andres Maldonadonun imzası ilə BATƏŞ-ə ünvanlanmış məktubun əvvəlində Xocalı faciəsi ilə bağlı ətraflı məlumata, dolğun və zəngin faktlara görə təşəkkür bildirilmişdir. Qeyd olunmuşdur ki, Avropa Komissiyası dəfələrlə bütün müharibə və zorakılıq aktlarını, o cümlədən Xocalı faciəsini qətiyyətlə pisləmişdir.
Daha sonra məktubda deyilir: Xocalıda törədilmiş faciə bizə hər gün xatırladır ki, müharibə tərəflər üçün çəkilməz əzablar, insan təlafatı, fəryadlar deməkdir. Məhz bu səbəbdən AK münaqişələrin danışıqlar, dialoq və sülh yolu ilə həllinin tərəfdarıdır. Dağlıq Qarabağ münaqişəsi də bu qəbildən istisna deyildir. Avropa Komissiyası bütün imkanlardan istifadə edərək tərəfləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllinə nail olmağa çağırır.
Məktubdan göründüyü kimi, nüfuzlu beynəlxalq təşkilatlar da Xocalı hadisələrini faciə, bəşəriyyət, insanlıq əleyhinə cinayət və nəhayət soyqırımı kimi tanımaq yolunda ilk addımlar atmağa başlamışlar.