COP29
Avropa Mərkəzi Bankının nümayəndəsi: İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə əldə etməliyik
Bakı, 14 noyabr, AZƏRTAC
İqlim dəyişikliyi ilə mübarizə bütün dünya üçün çox aktualdır. Biz artıq bu gün problemin nəticələri ilə qarşılaşırıq. İspaniyada daşqınları görürük. Kiçik ada dövlətlərindən olan insanların həyatı üçün olan təhlükələri görürük.
Bunu AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransının iştirakçısı, Avropa Mərkəzi Bankının İqlim Dəyişikliyi Mərkəzinin rəhbəri İrene Heemskerk deyib.
“Baş verən ekstremal hava hadisələri ilə mübarizə aparmalıyıq, həmçinin daha isti dünyaya uyğunlaşdığımızdan əmin olmalıyıq. İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə əldə etməliyik və bu, bizim üçün olduqca vacibdir, çünki iqlim dəyişikliyi inflyasiyaya təsir edir. Bu, maliyyə sektoru üçün risklər yaradır. Biz keçid etməsək, itkilər çox olacaq. Ona görə də biz bu məsələni təcili həll etməliyik”, - deyə o əlavə edib.
İrene Heemskerk Azərbaycanda bir neçə dəfə olduğunu və COP29-un çox yaxşı təşkil edildiyini bildirib: “Bakı şəhərində avtobuslar çox rahat işləyir. Buradakı pavilyonlar çox gözəldir. Azərbaycanı əla təşkilatçılığa görə təbrik edirəm”.