SİYASƏT
AVROPA ŞURASI AZƏRBAYCANIN FƏALLIĞINI YÜKSƏK QİYMƏTLƏNDİRİR
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 15-16-da İspaniyanın Valensiya şəhərində Avropa Şurası və İspaniya hökumətinin təşkil etdiyi Avropa Şurasına üzv olan ölkələrin yerli və regional qurumlar üzrə məsul Nazirlərin Konfransının 15-ci sessiyasında bir sıra ölkələrin və beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
İspaniya dövlət idarəçiliyi naziri Elena Salqadonun sədrliyi ilə keçirilmiş tədbirdə Avropa Şurasının baş katibi Terri Devis, Parlament Assambleyasının sədr müavini Valter Şmid, Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvdan Skard və digər rəsmi şəxslər giriş sözü ilə çıxış etmişlər.
Sessiyada yerli səviyyədə ictimai məsələlərin həllində etik norma və şəffaflığın təmin olunması, vətəndaşların məlumat azadlığının təminatı ilə bağlı yerli özünüidarəetmə haqqında Avropa xartiyasına əlavə protokolun hazırlanması, transsərhəd əməkdaşlıq, əcnəbilərin yerli özünüidarəetmədə iştirakı və digər məsələlər müzakirə olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin başçısı, ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkəmizdə yerli özünüidarəetmə sahəsində həyata keçirilən mütərəqqi islahatlar barədə ətraflı məlumat vermiş, bələdiyyələrin fəaliyyətini tənzimləyən, beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının yaradıldığını, keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarə təsisatının formalaşdırıldığını, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində həmin ərazidə legitim yerli özünüidarəetmənin təşkilinin qeyri-mümkünlüyünü tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Nazir müavini çıxışında bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, bələdiyyə assosiyasiyalarının yaradılması üzrə görülən işlərdən söhbət açmış, korrupsiya ilə mübarizənin gücləndirilməsi məqsədi ilə Milli Strategiyanın qəbulu, Avropada yerli demokratiya həftəsinin keçirilməsinə hazırlıq tədbirləri, həmçinin ölkəmizin Qara dəniz Avroregionuna fəal inteqrasiya məsələlərinə toxunmuşdur.
Çıxışda regionda münaqişələrin həll olunmasının vacibliyi vurğulanmış, habelə sessiya çərçivəsində qəbul ediləcək sənədlərlə bağlı Azərbaycan tərəfinin mövqeyi barədə məlumat verilmişdir. Konfransda ölkəmizin ədliyyə nazirinin müavininin çıxışı böyük maraqla qarşılanmış və çıxışın ingilis dilində olan mətni iştirakçılar arasında yayılmışdır.
Sessiyanın sonunda Avropada demokratik yerli və regional özünüidarəetmə tədbirlərini əks etdirən “Valensiya Bəyannaməsi” qəbul edilmişdir. Avropada yerli demokratiya həftəsinin keçirilməsi ilə bağlı Azərbaycanın fəallığı Bəyannamədə yüksək qiymətləndirilmişdir.
Səfər çərçivəsində Avropa Şurasının baş katibi Terri Devis, Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvdan Skard, Konqresin Regionlar Palatasının sədri Yavuz Mildon, İspaniya dövlət idarəçilik naziri Elena Salqado, həmçinin Türkiyə, Finlandiya, Belçika, İsveçrə və digər ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşlər keçirilmiş, faydalı fikir mübadiləsi aparılaraq əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.