AVROPADA AZƏRBAYCAN İNCƏSƏNƏTİNƏ MARAQ ARTIR
AZƏRTAC xəbər verir ki, Litvanın MediaPRO Şirkətinin direktoru, rejissor Andrius Brokas, peşəkar prodüser, klipmeyker-rəssam və ifaçı Egmontas Bjeskas İlyas Əfəndiyev Fondunun İncəsənət Mərkəzinin dəvəti ilə Bakıya səfərə gəlmişdir. Səfərin məqsədi Azərbaycan incəsənəti və şou-biznesi ilə tanış olmaq, ölkəmizdə fəaliyyət göstərən yaradıcı insanlar, sənət adamları və şou-biznes aləminin fəal üzvləri ilə ünsiyyət qurmaq, Avropa şou-biznes standartlarına dair təcrübə mübadiləsi aparmaqdır. Qonaqların maraq göstərdiyi sahələr Azərbaycandakı prodüser və rejissor işi, ifaçıların səhnə mədəniyyəti, davranış və perfomansı, ifa olunan mahnıların janrları, improvizasiya və musiqidə olan sintez məsələləridir.
Şəhərimizdə gəzməli-görməli məkanlarımızla tanış olmuş litvalı qonaqlar, ölkəmizdə populyar olan ifaçıların prodüser mərkəzlərində görüşlər keçirmişlər. Bunların arasında ən çox yadda qalanı respublikamızın əməkdar artisti, İlyas Əfəndiyev Fondunun üzvü Tünzalə Ağayevanın yaradıcılıq studiyasında keçirilmiş görüşdür. Müğənninin mahnıları, klipləri və yeni işlədiyi musiqi parçaları ilə tanışlıqdan özləri üçün yeni və qeyri-adi bir musiqi üslubu kəşf edən litvalı sənətçi və ekspertlər, qeyd etmişlər ki, Azərbaycan musiqisi, janrından asılı olmayaraq çox səliqəli, ecazkar, eyni zamanda çoxşaxəli və bir növ ciddi musiqidir. Qonaqların sözlərindən məlum oldu ki, qloballaşan Avropada, ələlxüsus da Avropa Birliyinin bərabər hüquqlu üzvü Litvada bu cür musiqiyə gənclər arasında böyük tələbat yoxdur, lakin ictimaiyyətin müəyyən bir hissəsinin marağını cəlb edə bilər.
Egmontas Bjeskas vurğulamışdır ki, Avropada səhnəyə çıxan hər bir ifaçıdan ürəyəyatımlı mahnı və gözəl görünüşlə yanaşı plastika, hərəkət və auditoriya ilə ünsiyyət qurmaq bacarığı da tələb olunur. Bir sözlə, Avropada sevilmək üçün hər bir ifaçı bir çox keyfiyyətləri özündə cəmləşdirməlidir.
Bütün bunları nəzərə alan İlyas Əfəndiyev Fondunun qarşıya qoyduğu məqsədlərdən biri də gənclərimizin savadlı və peşəkar kimi yetişməsi, bununla belə onların yaradıcılıq fəaliyyətlərinin beynəlxalq və Avropa standartlarına uyğun olması üçün müxtəlif, daha əhəmiyyətli tədbirlər həyata keçirməkdir. Bu məqsədlə İlyas Əfəndiyev Fondunda Andrius Brokas və Egmontas Bjeskas Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prodüser və rejissor ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirmişlər. Görüşdə tələbələrin istedadını üzə çıxarmaq və bacarıqlarının öyrənilməsi məqsədi ilə onlarla müsahibə aparılmışdır. Sorğu-sual və təlim-treninq formasında keçirilən görüş zamanı tələbələr və qonaqlar üçün maraqlı məqamlar meydana çıxmışdır. Məlum olmuşdur ki, yaradıcı insanda zəngin dünyagörüşü, istedad və bacarıqdan savayı zamanın nəbzini tutmaq qabiliyyəti də vacibdir.
Görüşdə fitri istedadı və xüsusi bacarıqları ilə fərqlənən ən yaxşı tələbələrin İlyas Əfəndiyev Fondunun təşkilati dəstəyi ilə bir sıra Avropa ölkələrində təcrübə keçməsi qərara alınmışdır.
Bununla yanaşı, qonaqların səfəri çərçivəsində müxtəlif layihələr, o cümlədən konsertlərin keçirilməsi, qısametrajlı film və kliplərin çəkilişi, hətta bir sıra nümayəndəliklərin açılması da müzakirə mövzusu olmuşdur.
Səfərin sonunda qonaqlar İlyas Əfəndiyev Fondundakı görüşdə bildirmişlər ki, onlar mütləq Azərbaycanda gördükləri qonaqpərvərlik və hörmət haqqında, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti haqqında öz ölkələrində nəinki danışıb məlumat verəcəklər, həm də məqsədyönlü təbliğat işi aparacaqlar.
