DÜNYA
Avstraliya hidrogen istehsalı üzrə iki yeni mərkəz tikəcək
Bakı, 19 aprel, AZƏRTAC
Avstraliyanın qərb sahillərində hidrogen istehsalı üzrə iki yeni müəssisə inşa ediləcək.
AZƏRTAC Avstraliya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Skott Morrison bildirib. Onun sözlərinə görə, Pilbara və Kvinan regionunda tikilməsi planlaşdırılan yeni müəssisələr ölkə hökumətindən inkişaf üçün 103,1 milyon dollar, tədqiqat işləri üçün isə 4,4 milyon dollar alacaq.
“Qərbi Avstraliya artıq faydalı qazıntılar üzrə dünya liderinə çevrilib və bu investisiyalar regionumuzun inkişafına sadiqliyimizi nümayiş etdirir. Hidrogen müəssisələrinin inşası ştatda yeni iqtisadi mərkəz yaradacaq”, - Skott Morrison belə deyib. O, həmçinin ölkənin qərbində karbon saxlama mərkəzlərinin tikiləcəyini və bu layihələrin regionda 3,6 min yeni iş yeri yaradacağını qeyd edib.
“İnvestisiyalar ekoloji cəhətdən təmiz hidrogen sənayesinin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirəcək və 2030-cu ilə qədər Avstraliyanın dünyada aparıcı hidrogen istehsalçısı və ixracatçısı olmasına kömək edəcək”, - deyə hökumət başçısı bildirib.
Avstraliyanın Sənaye, Elm və Texnologiya Nazirliyinin məlumatına görə, son üç ildə hidrogen sənayesinin inkişafına yatırılan dövlət investisiyalarının ümumi həcmi 1,1 milyard dolları ötüb, həmçinin karbon istehsalı və saxlanılması texnologiyalarının tətbiqinə 221 milyon dollardan çox vəsait ayrılıb. Növbəti 30 il ərzində bu investisiyaların ölkə iqtisadiyyatına ən azı 36,8 milyard dollar gətirəcəyi və 30 minə yaxın yeni iş yerinin yaradılmasını təmin edəcəyi gözlənilir.