AVSTRİYA RESPUBLİKASININ FEDERAL PREZİDENTİ HAYNTS FİŞER TÜRKİYƏDƏ DÖVLƏT SƏFƏRİNDƏDİR
Səfər müddətində Avstriya Prezidentini federal iqtisadiyyat və əmək naziri Martin Bartenştayn, federal sosial təminat və istehlakçıların hüquqlarının mühafizəsi naziri Ervin Buxinqer, elmi tədqiqatlar üzrə stats-katib Krista Krantsl, Avstriya İqtisadiyyat Palatasının prezidenti Xristof Laytl da daxil olmaqla, Avstriya hökumət rəsmiləri, mədəniyyət, iqtisadiyyat, elm və digər sahələrin təmsilçilərindən ibarət 140 nəfərlik nümayəndə heyəti müşayiət edəcəkdir.
Səfər zamanı Avstriya Prezidenti Türkiyənin Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyə parlamentinin sədri Köksal Toptan ilə görüşlər keçirəcək, Kayseri və İstanbul şəhərlərində təşkil olunacaq Avstriya-Türkiyə İqtisadi Forumunun açılışında iştirak edəcəkdir.
Avstriya Prezidentinin Türkiyəyə səfəri mayın 22-də İstanbulda yekunlaşacaqdır. O, burada yunan patriarxı I Bartolomeos ilə görüşəcək, Müqəddəs Georq adına Avstriya liseyinə baş çəkəcək, iqtisadi forumda iştirak edəcək və muzeylərlə tanış olacaqdır.