DÜNYA
Avstriya Teylor Sviftin konsertində terror aktı planlaşdıran şəxslə bağlı Şimali Makedoniyadan kömək istəyib
Skopye, 9 avqust, AZƏRTAC
Avstriya tərəfi amerikalı müğənni Teylor Sviftin terror təhlükəsinə görə ləğv olunan Vyanadakı konsertləri ilə bağlı araşdırmalar üçün Şimali Makedoniyadan kömək istəyib.
AZƏRTAC xəbər verir ki, Avstriya Şimali Makedoniyadan konsertlərdə terror aktı planlaşdırmaqda şübhəli bilinən və əslən şimali makedoniyalı 19 yaşlı gəncin keçmişini araşdırmağı xahiş edib.
Şimali Makedoniyanın Daxili İşlər Nazirliyi həmin şəxslə bağlı ətraflı məlumatların toplanması ilə bağlı Avstriya tərəfindən sorğu daxil olduğunu təsdiqləyib.
Terror aktı planlaşdırmaqda şübhəli bilinən iki nəfərdən biri Şimali Makedoniya əsillidir. Onun evində kimyəvi maddələr və texniki qurğular aşkar olunub. Həmin gəncin İŞİD terror qruplaşmasının üzvü olduğu bildirilir.
Qeyd edək ki, Teylor Sviftin “The Eras Tour” konsert turu çərçivəsində Vyanadakı üç konserti terror təhlükəsi səbəbindən ləğv edilib. Bundan sonra müğənninin minlərlə pərəstişkarı küçələrə axışıb. Konsert üçün Avropanın müxtəlif şəhərlərindən gələnlər küçələrdə Teylor Sviftin mahnılarını oxuyub, uzun müddətdir bu konsertləri gözlədiklərini, yol və Vyanada qalmaq xərclərinə görə çətin vəziyyətdə olduqlarını bildiriblər.
Xatırladaq ki, Şimali Makedoniyadan olan birinin Avstriya paytaxtında törədilən terror aktları ilə əlaqəsi ilk dəfə deyil. 2020-ci ilin noyabrında Vyanada qanlı silahlı hücum nəticəsində 4 nəfəri öldürən, 20 nəfəri yaralayan terrorçulardan biri Şimali Makedoniya vətəndaşı olub.
Şimali Makedoniya son 10 ildə qitədə mümkün terror mənbəyi kimi müəyyən edilib. İndiyədək bu ölkədən İraq və Suriyada döyüşlərdə iştirak edən 150-dən çox insanın olduğu bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye