Avstriyada hər beş nəfərdən biri yoxsullaşma təhlükəsi altındadır
Vyana, 27 aprel, AZƏRTAC
Avstriya əlalinin 1 milyon 536 min nəfəri və ya 18,1 faizi 2017-ci ildə yoxsulluq təhlükəsi altında olub.
AZƏRTAC xəbər verir ki, bu məlumat Avropa İttifaqının sosial hesabatı əsasında Avstriya Statistika İdarəsinin ölkə üzrə hazırladığı statistik göstəricilərdə əksini tapıb. Hesabatda bildirilir ki, ötən il yoxsulluq səviyyəsinə düşmə və ya cəmiyyətdən təcrid olunma təhlükəsi ilə üzləşən şəxslərlə yanaşı, 343 min nəfərinin sosial-maddi vəziyyəti daha ağır olub. Yoxsulluq kateqoriyasına daxil olan həmin insanlar arasında uzunmüddətli işsizlər, bir qisim qeyri-Aİ vətəndaşları və övladlarını təkbaşına böyüdən şəxslər üstünlük təşkil ediblər.
Hesabatda, həmçinin qeyd edilir ki, ölkə əhalisinin 1,245 milyon nəfəri yoxsulluğa yuvarlanmaq təhlükəsi altındadır, çünki gündəlik həyatlarını ciddi maddi çatışmazlıq altında yaşamağa məcburdurlar.
“Yoxsulluğa qarşı mübarizə konfransı” qeyri-hökumət təşkilatı isə ölkədəki sosial-iqtisadi qeyri-bərabərliyin ildən-ilə gücləndiyini açıqlayıb. Təşkilatın hesablamalarına görə, Avstriyada əhalinin maddi vəsaitlərinin tam yarısı ölkə əhalisinin cəmi beş faizinin sərəncamındadır. Ölkədə yoxsulluğun ən böyük zərbə vurduğu insanlar isə çoxuşaqlı ailələrdir. 2017-ci ildə 52 min uşağın yaşadığı mənzillərdə ailə büdcəsi qış aylarında evi qızdırmaq üçün yetərincə vəsaitə malik olmayıb.
Hesabatda qeyd edilir ki, son 10 illə müqayisədə yoxsullaşma təhlükəsi altında olan insanların sayında azalma baş verib. Bu da ölkədə aparılan sosial-iqtisadi proqramlar, ilk növbədə uşaqlı ailələrə qayğı nəticəsində mümkün olub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana