AVSTRİYADA SƏFƏRDƏ OLAN AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ BİR SIRA SƏMƏRƏLİ GÖRÜŞLƏR KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərliyi ilə Vyanada, Azərbaycan-Avstriya hökumətlərarası komissiyanın beşinci iclasında iştirak etmiş nümayəndə heyəti mayın 8-9-da Avstriyanın bir sıra aparıcı müəssisələri ilə yaxından tanış olmuş, Ştiriya əyalətində səmərəli görüşlər keçirmişdir.
Mərkəzi və Şərqi Avropanın aparıcı neft-qaz şirkətlərindən biri olan “OMV Gas International“ şirkətində keçirilən görüşdə Avstriyanın qaz kəmərlərinin idarə edilməsi,“Nabukko“ qaz kəməri layihəsinin perspektivləri və Avropanın enerji təminatında oynayacağı rol və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan nümayəndə heyəti Ştiriyada kiçik bir qəsəbəni istilik enerjisi ilə təmin edən uzaqməsafəli biokütlə qazanxanasının iş rejimi, bioloji cəhətdən təmiz məhsullar hazırlayan kəndlilərin iş prinsipi ilə yaxından tanış olmuş, buradakı yerli kiçikhəcmli su elektrik stansiyasına baxış keçirmişdir.
Ştiriya federal əyalətinin mərkəzi Qrats şəhərində mühərrik texnikası konstruksiyaları, daxili yanma mühərrikləri, ölçmə və sınaq qurğuları üzrə dünyada aparıcı AVL List şirkətində nümayəndə heyətinə şirkətin fəaliyyəti barədə geniş məlumat verilmiş, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avtomobillərin mühərrik konsepsiyalarının AVL şirkəti tərəfindən hazırlandığı və sınaqdan çıxarıldığı bildirilmişdir.
Ştiriya əyalət parlamentinin sədri Ziqfrid Şrittvizer ilə görüşdə əyalətin Azərbaycanla daim inkişaf etməkdə olan əlaqələrə malik olduğu, Azərbaycanın Avstriyadakı səfirliyinin bu əlaqələrin dərinləşməsində böyük xidmətlər göstərdiyi xüsusi qeyd edilmişdir.
Ştiriya və Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq əlaqələri diqqət mərkəzində olmuş, ötən il Naxçıvandan yüksək səviyyəli nümayəndə heyətinin əyalətə səfəri barədə məlumat verilmiş, Ştiriya nümayəndə heyətinin də Naxçıvana səfər etməsinin vacibliyi vurğulanmışdır.
######
