Avstriyanın İnnsbruk şəhərində bomba həyəcanı yaradan şəxsin kimliyi müəyyənləşdirilib
Vyana, 4 iyul, AZƏRTAC
Avstriyanın İnnsbruk şəhərində baş verən hadisə insanları qorxuya salıb.
AZƏRTAC xəbər verir ki, çərşənbə günü axşam saat 19:30 radələrində polisə zəng edən naməlum şəxs İnsbruk şəhərinin tarixi mərkəzi Altştadtda yerləşən restoranlardan birində bomba qoyduğunu bildirib. Ərazi dərhal mühasirəyə alınıb, restorandakı insanlar təxliyə olunublar, ətraf küçələrdən keçən ictimai nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib. Lakin bomba tapılmayıb. Bomba ilə hədələyən şübhəli şəxs, həmçinin iki nəfəri girov götürdüyünü deyib.
Mobil telefonun izlənməsi nəticəsində şübhəli şəxsin yeri müəyyən edilib. Bir nəfər maşınına içkili və silahlı şəxsin mindiyini və onu Niederau qəsəbəsindəki yanacaqdoldurma məntəqəsində düşürdüyünü xəbər verib.
Polislərin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, şübhəli şəxs əlindəki silahı yerə buraxmayıb və polislərə atəş açmağa başlayıb. Atışma nəticəsində o, həyati təhlükəsi olmasa da, ağır yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılan şübhəli əməliyyat edilib. Əvvəllər də bir neçə dəfə zorakılıq əməllərinə görə məhkum olunmuş şəxs qeyd edib ki, girov saxladığı iki şəxsdən birini artıq öldürüb.
Tirol əyalət polisi 55 yaşlı şübhəli şəxsin spirtli içkinin təsiri altında olduğunu güman edir. İş üzrə istintaq aparılır, eyni zamanda, şübhəli şəxsin hansı motivlər əsasında bu hərəkətləri etməsi araşdırılır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana