Avtomobil və telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 27-də saat 17 radələrində Bakıxanov qəsəbə sakini A.Soltanovun idarə etdiyi “Chevrolet-Malibu” markalı avtomobilin qaçırılması barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin 13-cü polis bölməsinin və Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov Xətai rayonunun Gəncə prospektində avtomobillə birgə saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edən qəsəbə sakini olan qadın isə yanvarın 25-də Bakıxanov qəsəbəsində marşrut avtobuslarının birində mobil telefonunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimov qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktlarla bağlı araşdırma aparılır.