Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov vurğulayıb ki, son illər dövlət başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyası ölkəmizi regionun lider dövlətinə çevirib.
Baş İdarənin rəisi dünyada baş verən iqtisadi böhranlar fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı müvafiq tədbirlərin görüldüyünü, gömrük orqanlarının da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verdiyini diqqətə çatdırıb.
İ.Hüseynov dövlət başçısı tərəfindən son illər gömrük sahəsində həyata keçirilən islahatların gömrük işinin səmərəli təşkil edilməsi ilə yanaşı, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, eyni zamanda, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə şərait yaradıldığını vurğulayıb.
Baş İdarənin rəisi “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.
Sonra görüşdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında imzalanmış “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.