SİYASƏT
Aycigit Buranov: Azərbaycan gənclərinin diplomatiya sahəsində perspektivləri çox böyükdür
Bakı, 1 fevral (AZƏRTAC). Fevralın 1-də Beynəlxalq Mətbuat Mərkəzində “Səfir auditoriyada” layihəsi çərçivəsində Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Aycigit Buranovla görüş keçirilmişdir. Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar İttifaqı tərəfindən təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənc Diplomatlar İttifaqının katibi Eltun İbrahimov tədbiri açaraq bildirmişdir ki, görüşün başlıca məqsədi siyasət və diplomatiya sahəsində yeni kadrlar yetişdirmək üçün perspektivli gəncləri üzə çıxarmaqdır. Məhz buna görə görüşü 2 fevral - Azərbaycan Gəncləri Günü ərəfəsində keçirmək qərara alınmışdır. Azərbaycan gənclərinin siyasətə və diplomatiyaya marağını artırmaq üçün bundan sonra da belə tədbirlər təşkil etməyi planlaşdırırıq.
A.Buranov çıxışında görüş iştirakçılarını bayram münasibətilə təbrik edərək, MDBMİ-də təhsil aldığı illər, ilk iş təcrübəsi və Prezident İlham Əliyevlə şəxsi tanışlığı barədə xatirələrini bölüşmüşdür.
A.Buranov demişdir: “Azərbaycan gənclərinin diplomatiya sahəsində inkişaf etmələri üçün çoxlu imkan və perspektivləri vardır. Bu görüşü təşkil etdiyinə görə E.İbrahimova minnətdaram. Mən 2009 və 2012-ci illərdə də Bakıda olmuşam. Ölkəniz sürətlə dəyişir və ildən-ilə inkişaf edir. Qırğızıstan və Azərbaycan tarixi keçmiş, mədəniyyət və din ilə bağlı olan iki qardaş respublikadır. Ümumi cəhətlərimiz çoxdur. Biz nisbətən yaxın keçmişdə dünyanın siyasi səhnəsinə çıxmış gənc dövlətlərik, maraqlarımız tamamilə üst-üstə düşür və razılaşdırılmışdır.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi probleminə toxunaraq vurğulamışdır ki, Qırğızıstan Azərbaycanı bu məsələdə həmişə dəstəkləməyə hazırdır. O əmin olduğunu bildirmişdir ki, birgə səylərimiz tezliklə bəhrəsini verəcəkdir.