CƏMİYYƏT
Azər Əmiraslanov: Gələn ilin büdcəsi ilə bağlı layihə zəruri maliyyə təminatını yaratmaq məqsədi daşıyır
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi layihəsinin ikinci oxunuşu plenar iclasdan sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Komitə üzvləri tərəfindən qaldırılan məsələlər, suallar və təkliflərə aidiyyəti üzrə münasibətlər bildirilib, şərhlər verilib və layihə ikinci oxunuş üçün plenar iclasa tövsiyə olunub. Xüsusilə vurğulanıb ki, növbəti ilin büdcə layihəsi, dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş strateji vəzifələr və təşəbbüslər, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri əks etdirir. Layihə, bu hədəflərin hər birinin icrası üçün zəruri maliyyə təminatını yaratmaq məqsədini daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin dekabrın 3-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edərkən söyləyib.
Aparılmış ilkin müzakirələrin nəticələri barədə məlumat verən komitə sədri deyib: “İlkin müzakirələrin nəticələri göstərir ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi büdcə qanunvericiliyinin tələblərinə və ölkənin strateji sənədlərinin müddəalarına uyğundur. Büdcə zərfinin birinci oxunuşunda deputatlar müxtəlif təkliflər irəli sürüb və layihəni konseptual olaraq dəstəkləyiblər ki, bu da büdcə müzakirələrinin parlament formatına uyğun olaraq təbii qiymətləndirilir. Lakin qeyd olunmalıdır ki, bütün gözləntilərin növbəti il üçün təqdim olunan büdcə zərfi vasitəsilə reallaşdırılması mümkün olmayacaq”.
Büdcə prosesinin yalnız bir illə məhdudlaşmadığını və uzunmüddətli xarakter daşıdığını diqqətə çatdıran A.Əmiraslanov əlavə edib: “Bu baxımdan, büdcə hər zaman təkmilləşməyə məruz qalır və bu istiqamətdə Prezident İlham Əliyevin tapşırıqları ilə hökumət və Maliyyə Nazirliyinin həyata keçirdiyi mühüm işləri, parlament formatında büdcə müzakirələrinin ali maliyyə audit rəylərini, Milli Məclislə hökumət arasında səmərəli əməkdaşlığın əhəmiyyətini və töhfələrini xüsusi olaraq qeyd etmək lazımdır”.