CƏMİYYƏT
Azərbaycan “2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi” tədbirinə ev sahibliyi edəcək - FƏRMAN
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan “2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi” tədbirinə ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmanla 2023-cü il sentyabrın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi” tədbirinin Azərbaycan Respublikasının Bakı şəhərində keçirilməsi və ev sahibliyi məsələlərinə dair Saziş” təsdiqlənib.
Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərmək tapşırılıb.