Azərbaycan alimi Almaniyada elmi əlaqələr yaradılması istiqamətində müzakirələr aparmışdır
Bakı, 6 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti mərkəzi aparatının xarici dillər kafedrasının professoru, filologiya elmləri doktoru Səadət Zeynalova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “3 Mobillik qrantı” layihəsi çərçivəsində “Alman və Azərbaycan dillərində determinantlar və onların mətn düzəlməsində rolu” layihəsi üzrə Almaniyanın paytaxtı Berlində ezamiyyətdə olmuşdur.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan alimi səfər müddətində Vilhelm von Humboldt Universitetinin Alman Dili və Linqvistika İnstitutunun direktor müavini, professor Bernd Pompino-Marşal ilə görüşmüşdür.
Görüşdə Azərbaycan və alman dillərindəki müəyyənlik və qeyri-müəyyənlik kateqoriyasına aid olan determinantların müxtəlif mövqelərdən asılı olaraq müasir eksperimental-fonetik təhlili, müqayisə və tutuşdurma metodları əsasında əldə edilmiş nəticələr haqqında müzakirələr aparılmışdır.
Tədqiqata cəlb olunmuş materiallar əsasında müqayisə olunan dillərin fərqli və oxşar xüsusiyyətləri aşkar olunmuş, Alman Dili və Linqvistika İnstitutunun alman dilinin fonetika və fonologiya kafedrasında, eləcə də Universal Tədqiqatlar Mərkəzində akustik analizə və statistik qiymətləndirilməyə dair növbəti eksperimentlər aparılmış və mövcud müasir proqramlar vasitəsilə mühüm nəticələr əldə edilmişdir. Bu nəticələr əsasında məqalə hazırlanmış və “ZAS Papers in Linguistics” (ZASPiL) jurnalına təqdim olunması barədə qərar qəbul edilmişdir.
Ezamiyyət müddətində S.Zeynalova Vilhelm von Humboldt Universiteti və Universal Tədqiqatlar Mərkəzinin əməkdaşları doktor Susan Fuçs və Jörg Dreyerin apardıqları yeni fonetik eksperimental tədqiqatların gedişi ilə tanış olmuş və tədbirlərdə iştirak etmişdir.
Bununla yanaşı, Universal Tədqiqatlar Mərkəzi ilə birgə tədqiqat işlərinin aparılması üçün yeni elmi əlaqələr yaradılması istiqamətində müzakirələr aparılmışdır.