Azərbaycan alimi Avropa Komissiyasının COST proqramının qrantına layiq görülüb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Böyük Britaniyada elmi ezamiyyətdə olub.
Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət müddətində M. Abbasov Böyük Britaniyanın Genom Analizi Mərkəzində təşkil olunan “Sekvens üsulu ilə genotipləşdirmə - Genotyping by Sequencing (GBS)” mözusu üzrə Beynəlxalq kursda iştirak edib.
Alimin Genetik Ehtiyatlar İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində qurulmuş “Genomika” laboratoriyasının imkanları, ölkəmizdə genetika və aqrar biotexnologiya sahəsində əldə edilmiş nailiyyətlər barədə məruzəsi dinlənilib.
M. Abbasov Avropa Komissiyasının COST proqramının qrantına layiq görülüb.
Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Polşa, Danimarka, Yunanıstan və digər ölkələrdən olan tədqiqatçıların qatıldıqları Beynəlxalq kursda, eyni zamanda, tanınmış alimlərin sekvenserlərin iş prinsipi, de novo, re-sekvens, RAD sekvens və GBS üçün kitabxanaların hazırlanması, alınan nəticələrin bioinformatik və statistik analizi üzrə mühazirələri dinlənilib.
Heyvan və bitkilərin genetik identifikasiyası və genomlarının oxunması üzrə beynəlxalq əməkdaşlığın istiqamətləri müzakirə edilib.