ELM VƏ TƏHSİL
Azərbaycan alimi uğurlu beynəlxalq əməkdaşlığa görə sertifikata layiq görülüb

Bakı, 25 aprel, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifəsini icra edən texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Web of Science” elmi bazasına daxil olan “Soft Comuting” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ş.Mahmudovaya bu sertifikat uğurlu beynəlxalq əməkdaşlığa və məqalələrə rəylərin verilməsində fəal iştiraka görə təqdim edilib.
Yumşaq hesablama texnikalarına əsaslanan sistem həllərinə həsr edilmiş “Soft Computing” jurnalı müvafiq sahədə mühüm elmi nəticələrin sürətlə yayılmasını, təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis sistemlər və xaos nəzəriyyəsi üzrə tədqiqatların təqdim olunmasını hədəfləyir.
Jurnal, həmçinin “Google Scholar”, “Scopus”, INSPEC, “Japanese Science and Technology Agency (JST)”, “Journal Citation Reports/Science Edition”, CNKI, DBLP, CNPIEC və digər nüfuzlu bazalarda indeksləşir və referatlaşır.