İDMAN
Azərbaycan alpinistləri Himalay dağlarındakı Şişapanqma zirvəsini fəth edəcəklər

Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 4-də Azərbaycan alpinistləri İsrafil Aşurlı və Firuz Dadaşov Nepalın paytaxtı Katmanduya səfər edəcəklər. Alpinistlər viza və lazımı icazələri aldıqdan sonra Çinin Tibet Muxtar Rayonuna yollanacaqlar.
Azərbaycan Alpinizm Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, idmançılarımız Himalay dağlarındakı Şişapanqma (8027 metr) zirvəsini fəth etməyi planlaşdırırlar. Ekspedisiyanın təqribi müddəti 1,5 aydır. Qalxma idman üslubunda keçiriləcəkdir. Belə ki, alpinistlər süni oksigendən və şerpaların (yüksəklikdə çalışan yükdaşıyanların) xidmətindən istifadə etməyəcəklər.
Himalay dağlarının Everest (8848 metr və Kançenjanqa (8586 metr) zirvələrinin fatehi, “Qar bəbiri” titulunun sahibi İsrafil Aşurlı 15 il ərzində dünyanın bütün materiklərində, o cümlədən Antarktidada və Arktikada 58 uğurlu ekspedisiya həyata keçirmişdir.
Respublika Alpinist-Turist Klubunun idmançısı, Azərbaycanın yığma komandasının üzvü Firuz Dadaşov isə Mərkəzi Asiyanın hündürlüyü 7 min metrdən çox olan beş zirvəsindən dördünü fəth etmiş, Gürcüstanın və ölkəmizin dağlarında uğurlu ekspedisiyalar keçirmişdir.