AZƏRBAYCAN-AMERİKA TİCARƏT PALATASININ ÜZVLƏRİ DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN RƏHBƏRLİYİ İLƏ GÖRÜŞMÜŞLƏR
Aprelin 17-də “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM) üzvləri ilə Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi arasında görüş keçirilmişdir.
DGK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev vurğulamışdır ki, son on il ərzində Azərbaycan Gömrük Xidməti böyük inkişaf yolu keçərək dünya gömrük ailəsinin qabaqcıl üzvlərindən birinə çevrilmişdir. Bunu digər ölkələrin gömrük təşkilatları da təsdiq edir və Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verirlər. Bütün bunlar isə xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gömrük orqanlarına göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur.
Komitə sədrinin birinci müavini qeyd etmişdir ki, Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirilməsi, sahibkarlıq mühitinin genişləndirilməsi, bütövlükdə, dövlət büdcəsinin sürətli artımı ilə müşayiət olunur. Büdcə gəlirlərinin formalaşmasında gömrük orqanları da fəal iştirak edirlər. Son illər gömrük vergi və rüsumları üzrə plan-proqnoz artıqlaması ilə yerinə yetirilir. Təkcə ötən il Dövlət Gömrük Komitəsi tərəfindən 772 milyon manat məbləğində vəsait toplanaraq dövlət büdcəsinə köçürülmüş, illik proqnoza 100,3 faiz əməl olunmuşdur.
S.Mehdiyev onu da nəzərə çatdırmışdır ki, ötən il Avropa İttifaqının və BMT İnkişaf Proqramının dəstəyi ilə “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanmış və hökumətə təqdim olunmuşdur. Azərbaycan Gömrük Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunan natiq bildirmişdir ki, hazırda bütün gömrük keçid məntəqələrində yenidənqurma işləri aparılır. Bu işlərdən sonra Azərbaycan sərhədlərində bütün mal və nəqliyyat vasitələri avtomatlaşdırılmış qaydada gömrük nəzarətindən keçəcəkdir. Bu da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə öz töhfəsini verəcəkdir.
Daha sonra S.Mehdiyev Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvolma prosesində Dövlət Gömrük Komitəsinin rolu barədə danışaraq bildirmişdir ki, bir sıra gömrük qanunvericiliyi aktları artıq DTT-nin tələblərinə uyğunlaşdırılmış və hökumətə təqdim olunmuşdur. Bəzi ölkələrlə ikitərəfli danışıqlar başa çatdırılmış, müvafiq sənədlər imzalanmışdır. Hazırda bir sıra Avropa ölkələri və ABŞ ilə danışıqlar aparılır. Ümumilikdə, Azərbaycanın DTT-yə üzvolma prosesi uğurla davam edir.
DGK sədrinin birinci müavini Azərbaycan-Amerika Ticarət Palatasının üzvlərinə uğurlar diləyərək, belə görüşlərin mütəmadi olaraq keçiriləcəyinə əminliyini bildirmişdir.
Tədbirdə iştirak edən Amerika Ticarət Palatasının üzvlərini maraqlandıran suallar ətraflı cavablandırılmışdır.