AZƏRBAYCAN AŞPA QARŞISINDAKI ÖHDƏLİKLƏRİ UĞURLA YERİNƏ YETİRİR
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov qonaqları salamlamış və AŞPA-nın iyun sessiyası ərəfəsində bu səfərin yüksək əhəmiyyət kəsb etdiyini bildirmişdir. O demişdir ki, Azərbaycan AŞPA qarşısında götürdüyü öhdəliklərin icrasına xüsusi diqqət yetirir. Həmin öhdəliklərin böyük bir qismi artıq yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri isə artıq daimi komissiyalarda müzakirə olunmuşdur. Hər iki sənədə təklif olunan dəyişikliklər mövcud praktika, eləcə də Avropa Şurası Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəy və tövsiyələri nəzərə alınmaqla hazırlanmışdır. Hər iki layihə yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacaqdır. Komissiya sədri onu da bildirmişdir ki, “Alternativ xidmət haqqında” qanun layihəsi üzərində işlər də başa çatmaq üzrədir.
Andres Herkel Azərbaycanda olmaqlarından məmnunluğunu ifadə etmişdir. Bu görüşdən xüsusi olaraq razı qaldıqlarını bildirən həmməruzəçi demişdir ki, budəfəki səfərdən məqsəd Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna təklif olunan əlavələr və dəyişikliklərlə bağlı məsələlərin monitorinqini aparmaqdır.
Sonra görüşdə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan ilə AŞPA arasında əlaqələrin daha da genişləndirilməsi, seçki sisteminin təkmilləşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.