İQTİSADİYYAT
Azərbaycan Avropa bazarına böyük həcmdə təbii qaz ixrac edə bilər
Bakı, 8 dekabr (AZƏRTAC). Azərbaycan Avropa bazarına böyük həcmdə təbii qaz ixrac edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Bloomberg” agentliyinə müsahibəsində demişdir.
Hazırda Avropa Komissiyası ilə marşrutlar barədə danışıqlar aparıldığını bildirən E.Məmmədyarov qeyd etmişdir ki, Azərbaycan qazının Avropaya tədarükünün bütün variantları danışıqlar masası üzərindədir və ən yaxşı variantın qəbulu çox güman ki, gələn ilin əvvəlində baş verəcəkdir.
Artıq “Cənub dəhlizi” layihələri (“Nabukko”, TAP və ITGI) çərçivəsində “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropaya nəqli üzrə təklif təqdim edilmişdir. Azərbaycan Avropa bazarına ildə 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.
Azərbaycan ilə Türkiyə arasında qazın ixracı ilə bağlı bütün zəruri sənədlərin, o cümlədən tranzit sazişinin imzalandığını xatırladan xarici işlər naziri diqqətə çatdırmışdır ki, bundan sonra qazın tək Türkiyəyə deyil, həmçinin Avropa bazarına çatdırılmasının necə təmin edilməsi müəyyən olunmalıdır.