AZƏRBAYCAN AVROPA DƏYƏRLƏRİNƏ DAHA DƏRİNDƏN YİYƏLƏNMƏK İSTƏYİR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova mayın 19-da Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov ilə görüşmüşlər.
Z.Əsgərov demişdir ki, AŞPA ilə əlaqələrin genişlənməsi rəsmi Bakının maraq dairəsindədir. Azərbaycan Avropa dəyərlərinə daha dərindən yiyələnmək istəyir, ona görə də bu cür səfərlər və aparılan müzakirələr ümumi işin xeyrinədir.
Sonra Milli Məclis sədrinin birinci müavini Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası barədə məlumat vermiş, həmin öhdəliklərin böyük bir qisminin artıq yerinə yetirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri parlamentin daimi komissiyalarda müzakirə olunmuş və təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.
Z.Əsgərov parlamentdə qəbul olunan qanunların Avropa standartlarına uyğunlaşdırılması üçün Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər təsisatlarla yaxından əməkdaşlıq edir.
Andres Herkel Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasını, Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna təklif olunan əlavə və dəyişiklikləri yüksək dəyərləndirmişdir.
Sonra görüşdə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan ilə AŞPA arasında əlaqələrin daha da genişləndirilməsi, seçki sisteminin təkmilləşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.