SİYASƏT
AZƏRBAYCAN AVROPA İTTİFAQININ QONŞULUQ SİYASƏTİNƏ MARAQ GÖSTƏRİR
AZƏRTAC xəbər verir ki, fevralın 4-də Azərbaycan Xarici İşlər Nazirliyində Avropa İttifaqı “üçlüyü” respublikamızın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarovla görüşmüşdür.
Görüşdən sonra keçirilmiş mətbuat konfransında E.Məmmədyarov bildirmişdir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin indiki vəziyyəti ilə bağlı məsələlər müzakirə edilmişdir. XİN rəhbəri həmin görüşdə Azərbaycanın mövqeyini açıqlamışdır.
Bundan əlavə, nazirin dediyinə görə, enerji təhlükəsizliyi və Orta Asiyadan Avropaya təbii qaz ötürülməsi məsələləri müzakirə edilmişdir.
E.Məmmədyarov demişdir: “Azərbaycan Avropa İttifaqının qonşuluq siyasətində maraqlıdır və bu prosesə hazırdır”.
Hazırda Avropa İttifaqında sədrlik edən Sloveniyanın XİN rəhbəri Dmitri Rupel bu görüşün səmərəli olmasını qeyd etmiş və bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanla münasibətləri yüksək qiymətləndirir.
D.Rupelin sözlərinə görə, Avropa İttifaqı regionda sabitlik yaradılmasına, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə tərəfdardır. O, Azərbaycanda cərəyan edən proseslərə toxunaraq həbs olunmuş jurnalistlərin əfv edilməsini və ölkədə aparılan demokratik islahatları yüksək qiymətləndirmişdir:
“Enerji təminatı sahəsində əməkdaşlıq çox vacibdir, lakin biz Avropa İttifaqı ilə Azərbaycan arasında təkcə qarşılıqlı əlaqələri tənzimləmək deyil, həm də Avropa İttifaqı – Azərbaycan-Türkmənistan xətti üzrə əməkdaşlıq yaratmaq niyyətindəyik”.