İDMAN
Azərbaycan basketbol millisinin baş məşqçisi: İrlandiya ilə oyun bizim üçün dönüş nöqtəsi ola bilər
Bakı, 14 noyabr, AZƏRTAC
“İrlandiya yığmasına qarşı ilk oyunumuzu səfərdə keçirəcəyik. Onların əvvəlki matçlarını izləmişik və hansı oyun üslubunda mübarizə aparacaqlarını təxmin edirik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev 2027-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və İsveçrə yığmalarına qarşı keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.
O, basketbolçuların hazırlıq səviyyəsindən razı olduğunu bildirib: “Sadəcə, yerli oyunçulardan Endər Poladxanlı zədə səbəbindən millinin düşərgəsinə dəvət almayıb. Bu da bizim üçün ciddi itkidir. İnanıram ki, komandanın digər üzvləri onun yerini doldura biləcəklər. İrlandiya millisinə gəlincə, çox ciddi rəqibdir. Səfərdə oynamaq bizə çətin olacaq. Heyətində ucaboy oyunçu olmasa da, rəqib müdafiə və hücumda aqressiv çıxış edir”.
Təcrübəli mütəxəssis İsveçrə yığmasının daha ciddi rəqib olduğunu vurğulayıb: “Bu komanda ilə səfərdə qarşılaşmışdıq. Düzdür, indi rəqibin heyətində dəyişiklik ola bilər. Onlar Kosovo ilə qarşılaşacaqlar. Həmin matçdan sonra rəqib barədə geniş informasiyaya sahib olacağıq. İrlandiya və İsveçrəni kağız üzərində müqayisə etsək, ikinciləri daha üstün saymaq olar. Çünki onların heyətində yer alan basketbolçular Avropanın yaxşı klublarının formalarını geyinirlər. Məqsədimiz hər iki oyunda qalib gəlməkdir”.
Baş məşqçi milli komandanın legionerləri – Dante Holl və Zaq Ledayın toplanışa çağırılmamasını sıx qrafiklə əlaqələndirib: “Hər iki oyunçu klublarının heyətində Avroliqa yarışlarında mübarizə aparırlar. Əlbəttə, istəyərdik ki, onlardan biri bizimlə olsun, lakin matçların çox olması buna imkan vermir”.
T.Baxşıyev Azərbaycanın qrupdan çıxmaq şanslarını da dəyərləndirib: “Hər şey İrlandiya ilə oyundakı nəticədən asılı olacaq. Həmin matç Azərbaycan millisi üçün dönüş nöqtəsi ola bilər. Komandanın bütün üzvləri hər iki görüşdə uğur qazanacağımıza inanır”.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 21-də səfərdə İrlandiya ilə, 3 gün sonra isə evdə İsveçrə ilə üz-üzə gələcək.