AZƏRBAYCAN BƏSTƏKARLARININ ƏSƏRLƏRİ UKRAYNADA MARAQLA QARŞILANMIŞDIR
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kiyevdə başa çatmış “Mövsümün musiqili premyeraları” adlı XVIII Beynəlxalq musiqi festivalında səsləndirilmiş Azərbaycan bəstəkarlarının əsərləri maraqla qarşılanmışdır.
Yerli qəzetlər festivalın ilk günlərindən müasir akademik musiqi dinləyicilərinin konsertlərə böyük həvəslə qatıldıqlarını qeyd edirdilər.
Musiqi bayramının açılış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İthaf” əsəri də səsləndirilmişdir. Yeri gəlmişkən, Ukrayna mətbuatında Firəngiz xanımın festivalda səsləndirilən əsərlərinə geniş yer ayrılmış, onun yaradıcılığı barədə müxtəlif səpkili yazılar dərc edilmişdir. Kiyevdə çıxan “Den” qəzetində dərc olunmuş məqaladə deyilir: “Firəngiz Əlizadə Azərbaycanda və keçmiş SSRİ-də Veber, Berq, Şenberq, Messian, Con Keyc kimi bəstəkarların əsərlərini ilk dəfə ifa edən sənətçi kimi tarixə düşmüşdür. Onun öz əsərləri bu gün Avropa və Amerikanın məşhur festivallarında səsləndirilir. Buna görə də o, 2003-cü ildə Kembric bioqrafik mərkəzinin diplom və medalına layiq görülərək adı “XXI əsrin intellektləri” siyahısına salınmışdır. Kiyevə isə bəstəkar Parisdən, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın onu dünya incəsənətinin ən şöhrətli titulu olan “Sülh artisti” fəxri adı ilə təltif etməsindən sonra gəlmişdir”.
Kiyevdən qayıtdıqdan sonra səfər barədə təəssüratlarını bölüşən Firəngiz Əlizadə demişdir ki, vaxtilə Ukraynaya tez-tez səfərlər etmişəm. Ukrayna bəstəkarlıq məktəbi keçmiş SSRİ-də ən qabaqcıl və güclü məktəblərdən olmuşdur. Görkəmli bəstəkar, müasir Ukrayna musiqisinin aparıcı simalarından olan Valentin Silvestrovla dostluğum, tanışlığım hələ tələbə ikən başlamışdır. Budəfəki - sayca 18-ci festivala dəvət alarkən çox sevindik və köhnə dostlarımızı görmək, Ukraynanın zəngin musiqi həyatının müasir vəziyyəti ilə yaxından tanış olmaq çox maraqlı idi. İki həftə davam edən möhtəşəm forumun keçirilməsini Ukrayna Bəstəkarlar İttifaqının, xüsusilə qurumun Kiyev təşkilatının sədri, gözəl bəstəkar İqor Şerbakovun böyük vətənpərvərliyinin nümunəsi hesab edirəm. Festivalda diqqət çəkən ən vacib məqamlardan biri simfonik və çoxsaylı xor kollektivlərinin son dərəcə yüksək ifa nümayiş etdirmələri oldu. Burada 15 kollektiv iştirak edirdi. Onların arasında mənimlə birlikdə Ukraynaya dəvət almış tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Rauf Əliyevin “Ballada” əsərinin ifasını uğurlu ifalardan hesab edirəm.
Qeyd edək ki, festival çərçivəsində keçən konfransda Firəngiz Əlizadə Azərbaycan musiqisi barədə ətraflı məruzə etmişdir. Məruzəni maraqla qarşılayan qonaqlar, müxtəlif ölkələrdən gəlmiş tanınmış musiqiçilər, bəstəkarlar musiqimizin bugünkü vəziyyəti ilə bağlı suallar vermiş, forumda səsləndirilən əsərləri yüksək qiymətləndirmişlər.