Azərbaycan Beynəlxalq Bankı “Qiblə” adlı yeni plastik kart təqdim etmişdir
Bakı, 25 sentyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, sentyabrın 25-də “Marriot Abşeron” otelində Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni innovasiya məhsulunun - “Qiblə” kartının təqdimatı olmuşdur.
ABB-nin İslam bankinqi departamentinin başçısı Bəhnam Qurbanzadə mərasimdə çıxış edərək bildirmişdir ki, kart yaxın vaxtlarda tədavülə buraxılacaqdır. Yeni bank kartı düyməsini basdıqda Kəbənin istiqamətini göstərən rəqəmsal kompasla təchiz ediləcəkdir. Həmin funksiya fəal həyat tərzi keçirən və evdən kənarda işləyən müsəlmanlar üçün çox faydalı olacaqdır. “MasterCard Platinum” ilə birlikdə emissiya edilmiş bu debet kartı qeyri-adi dizaynda hazırlanmışdır. İstifadəçi həmin kartla hesabdakı vəsaiti nağdlaşdıra, habelə müxtəlif malların və xidmətlərin haqqını ödəyə bilər. Kartın qiyməti 40 manatdır.
“Qiblə” debet kartı kimi nəzərdə tutulsa da, bankın verdiyi borcun limiti kimi də istifadə oluna bilər. Limit müddətinin prolonqasiyası borcun ödənilməsi dövrünün sonunda istifadəçi ilə müzakirə edilir. İstifadəçinin qaytardığı borc kartın balansına köçürülür və bununla da borc limiti bərpa olunur.
“MasterCard”ın Cənub-Şərq regionu üzrə baş direktoru Mete Güne çıxış edərək bildirmişdir ki, plastik kartlar həyatımızda zəruri əşyaya çevrilmişdir. Nağd ödəmələri azaltmaq üçün plastik kartları yaymaq və gündəlik həyatda istifadə etmək çox əhəmiyyətlidir.
“MasterCard”ın Azərbaycandakı regional meneceri Hakan Açar vurğulamışdır ki, Azərbaycanda plastik kart bazarı inkişaf edir. 2013-cü ildə istehlak xərclərinin 21 faizindən çoxu kartlarla ödənilmişdir.
Bildirilmişdir ki, 2003-cü ildə islam bankinqi xidmətləri göstərməyə başlayan ABB MDB ölkələri arasında bank bazarının lideri olmuşdur. ABB bu sahədə İslam İnkişaf Bankı qrupundan cəlb edilmiş resurslar hesabına xidmətlər göstərmişdir. “Salans”, “KPMG”, “Pinsent Masons” və “Dar al Shariah” şirkətlərinin daxil olduğu konsorsium ötən il islam bankinqi məhsulları və xidmətlərinin təqdim edilməsi üzrə ixtisaslaşdırılmış qurumun yaradılmasında ABB-yə kömək göstərmişdir.
Tədbirin sonunda ABB-nin üç müştərisinə “Qiblə” kartı hədiyyə edilmişdir.