AZƏRBAYCAN BEYNƏLXALQ TERRORİZMƏ QARŞI MÜBARİZƏNİ ÖZÜNÜN MÜHÜM VƏZİFƏSİ HESAB EDİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 11-də Prezident sarayında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Ross Uilsonu qəbul etmişdir.
Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV səfiri səmimiyyətlə salamlayaraq dedi:
-Hörmətli cənab səfir, bu gün mən sizi keçən il sentyabrın 11-də baş vermiş dəhşətli terror hadisələrinin yad olunması münasibətilə dəvət etmişəm. Sizə və sizin simanızda Amerika Birləşmiş Ştatlarının xalqına, hökumətinə bir daha çatdırıram ki, Azərbaycan xalqı dəhşətli terror hadisələri ilə əlaqədar qəti etirazını bildirir və biz terrora məruz qalmış, həlak olmuş insanların xatirəsini böyük kədərlə yad edirik.
O dəhşətli terror hadisələri bütün dünyada sülh, əmin-amanlıq sevən insanların hamısında böyük bir həyacan doğurdu. Azərbaycan xalqı bunu çox böyük həyacanla qarşıladı və biz dərhal bu barədə xalqımızın, dövlətimizin mövqeyini bildirdik, beynəlxalq terrorla mübarizə aparmaq yolunda antiterror koalisiyasında, Amerika Birləşmiş Ştatları ilə birlikdə koalisiyada olduğumuzu bildirdik. Biz bir ildir ki, öz imkanlarımız dairəsində bunu davam etdiririk.
Dəhşətli terror hadisəsi təkcə Amerika Birləşmiş Ştatlarına, onun xalqına qarşı yox, bütün mütərəqqi bəşəriyyətə qarşı idi və biz bunu özümüzə qarşı da qəbul etdik. Ona görə də terrorizmlə mübarizə aparmağı və onun kökünü kəsməyi özümüzün vəzifəsi hesab edirik. Biz bu gün həlak olanların xatirəsini böyük kədər hissi ilə yad edirik. Mən bu münasibətlə Prezident cənab Buşa da öz məktubumu göndərmişəm. Ancaq, eyni zamanda, sizinlə bilavasitə görüşüb bu sözləri demək istədim.
Qəbula görə minnətdarlığını bildirən səfir ROSS UİLSON dedi:
-Cənab Prezident, çox sağ olun. Sizin bu gün söylədiklərinizə və keçirdiyiniz hisslərə böyük hörmətlə yanaşıram. Bugünkü gün əlbəttə, mənim üçün, ailəm üçün, Azərbaycanda olan amerikalılar üçün çox emosional bir gündür. Biz bir il əvvəl bugünkü gündə baş vermiş terror hadisələrini hələ də şok içərisində yaşayırıq. Lakin eyni zamanda, biz geriyə baxarkən görürük ki, bu bir il müddətində beynəlxalq aləmdə, siyasətdə bir sıra dəyişikliklər getmişdir. Elə bilirəm ki, bu dəyişikliklər yaxşılığa doğru olan dəyişikliklərdir.
Mən bu gün həm öz adımdan, həm də Amerika Birləşmiş Ştatlarının hökuməti və xalqı adından Azərbaycan hökumətinə, xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. İlk növbədə, çox sağ olun ki, həmin çətin dəqiqələrdə bizi mənəvi cəhətdən dəstəkləmisiniz və digər sahələrdə də öz dəstəyinizi əsirgəməmisiniz. Siz koalisiyaya qoşularaq, bizimlə birlikdə problemin həllinə çalışırsınız.
Sizin də yaxşı xatirinizdədir, bu dəhşətli terror hücumları baş verdikdən bir neçə dəqiqə sonra mənə zəng etdiniz və həm başsağlığınızı verdiniz, həm də səfirliyin əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün əlinizdən gələn köməyi əsirgəmədiniz. İlk növbədə bizə öz yardımınızı göstərdiniz. Buna görə də həm mən, həm də səfirliyin əməkdaşları Sizə çox minnətdarıq.
Bundan sonra isə Azərbaycan Amerika Birləşmiş Ştatlarına və koalisiyanın digər üzvlərinə öz hava məkanını təklif etdi. Biz bu hava məkanından istifadə edərək, indiyə qədər misli görünməmiş humanitar yardımı Əfqanıstanda əziyyət çəkən xalqa yetirdik. Eyni zamanda, Azərbaycan 160 ölkədən biridir ki, terrorçuların maliyyə vəsaitinin hərəkətinin qarşısını almaq sahəsində bizimlə birlikdə əməkdaşlıq edir. Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Azərbaycan bir neçə çox təhlükəli adamın tutulub saxlanılmasını da təmin etmişdir. Elə bilirəm ki, bu da bizim əməkdaşlığımızın daha bir təzahürüdür.
Düşünürəm ki, biz həm Əl-Qaidə təşkilatının şəbəkəsinin dağıdılmasında irəliləyiş əldə etmişik, həm də Taliban rejimini hakimiyyətdən uzaqlaşdırmışıq. Onun yerinə elə bir hakimiyyət gətirmişik ki, o, bizimlə əməkdaşlıq edir. Lakin beynəlxalq terrorizmlə bağlı Əl-Qaidədən başqa da problemlər vardır. Belə ki, yalnız Əl-Qaidə deyil, digər terrorçu təşkilatlar da vardır və onlar Əl-Qaidə ilə sıx əlaqədədirlər. Odur ki, bizim işimiz hələ çoxdur və bunları gələcəkdə yerinə yetirəcəyik.
Mənim ölkəmə olan terror hücumları bütün dünyanı inandırdı ki, artıq terrorizm irəliyə doğru gedə bilməz. Əgər terrorizm irəliləyərsə, demək, XX1 əsr xaosa bürünəcəkdir. Bu isə o deməkdir ki, XX əsrdə İkinci dünya müharibəsinin törətdiyi dəhşətlərlə biz yeni əsrdə də üzləşəcəyik.
Mən xüsusilə şadam ki, Prezidentin qərarı ilə 907-ci maddə aradan götürülmüşdür və bunun nəticəsində ölkələrimiz arasında daha geniş sahədə əməkdaşlıq imkanı yaranmışdır. Bunun nəticəsində Daxili İşlər Nazirliyinə və Respublika Prokurorluğuna bizim yardımımız olmuşdur. Biz onlarla sıx əməkdaşlıq edirik. Bu ölkəyə 4,4 milyon dollar yardım edilmişdir. Biz artıq bu rəqəmin təsdiqini almışıq və gözləyirəm ki, gələcəkdə bu rəqəm daha da artacaqdır. Azərbaycanın sərhəd qoşunları, eləcə də gömrük komitəsi ilə əməkdaşlıq edirik. Azərbaycana yardım edirik və gözləyirik ki, bunun nəticəsində Azərbaycanın sərhədləri daha möhkəm qorunacaqdır.
Azərbaycan hökuməti ilə büdcə və vergi sahələrində də əməkdaşlığa başlayırıq, bu sahələri təkmilləşdirmək üçün yardım edəcəyik. Demokratik təsisatların güclənməsinə yönəlmiş bu cür yardımlar, proqramlar gələcəkdə də davam etdiriləcəkdir.
Biz bütün bunların hamısını Azərbaycanın inkişafı üçün vacib amillər hesab edirik. 907-ci maddənin qüvvəsinin dayandırılması bizim Azərbayana kömək imkanımızı daha da genişləndirmişdir. Elə bilirəm ki, güclü demokratik təsisatların yaranması, qanunların möhkəm işləməsi, iqtisadi inkişaf, eləcə də zəngin adamlar Azərbaycanın gələcəyini təmin edəcəkdir.
Cənab Prezident, sonda onu demək istəyirəm ki, bizə göstərdiyiniz dəstəyə görə şəxsən Sizə və Azərbaycan hökumətinə, xalqına minnətdarlığımı bildirmək istəyirəm. Biz də həm Sizə, həm də Azərbaycan hökumətinə öz dəstəyimizi ifadə edirik. Ümid edirik ki, Siz Azərbaycanı uğurlu gələcəyə gətirəcəksiniz.
HEYDƏR ƏLİYEV: Təşəkkür edirəm. Siz doğru dediniz ki, sentyabrın 11-də baş vermiş hadisələrdən sonra dünyada çox dəyişiklik baş veribdir. Bəlkə də bu dəyişikliklərin baş verməsi üçün bu qədər qurbanlar lazım deyildi və bu cür dəhşətli terrorla rastlaşmamalıydıq. Ancaq hər halda, olan oldu, amma siz dediyiniz kimi, bundan sonra dünyadakı dəyişikliklərin hamısı müsbət xarakter daşıyır.
Hər yerdə, hər bir qitədə, dünyanın hər bir regionunda artıq dərk etdilər ki, terrorizm bəşəriyyətə nə qədər böyük təhlükə gətirir. Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə beynəlxalq terrorizmə qarşı aparılan mübarizə, antiterror əməliyyatları bəşəriyyəti XX1 əsrdə bu faciələrdən xilas edə bilən bir vasitədir. O fikirlə də razıyam ki, əgər terrorizmin siması bu qədər açılmasaydı və terrorizmə qarşı böyük koalisiyada antiterror əməliyyatları aparılmasaydı, doğrudan da, ola bilər ki, XX1 əsr dünya üçün, bütün insanlar üçün, bütün bəşəriyyət üçün daha da təhlükəli olardı. Bu hadisələrdən sonra, həqiqətən, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə aparılan tədbirlər - biz bu tədbirlərə əvvəldən qoşulmuşuq- indi terrorizmin qarşısını almaq, onun kökünü kəsmək üçün müəyyən imkanlar yaradır.
Siz bizim əməkdaşlığımız haqqında fikirlər söylədiniz. Mən onlarla tamamilə razıyam. 907-ci maddənin qüvvəsinin dayandırılması, təbiidir, bizim üçün çox böyük hadisədir və onun nəticəsində artıq bir neçə sahələrdə - siz indi onları burada söylədiniz - yaxşı əməkdaşlıq edirik. Ancaq bu əməkdaşlığı daha da genişləndirmək lazımdır. İndi gərək biz 907-ci maddənin götürülməsinin daha da müsbət nəticələrini görək. Ona görə biz əməkdaşlıq sahəsində üzərimizə düşən bütün vəzifələri yerinə yetiririk, ancaq bu əməkdaşlığın daha da genişlənməsi təşəbbüsü sizə, Amerika Birləşmiş Ştatlarına aiddir. Mən güman edirəm ki, siz bu sahədə daha da əlavə tədbirlər görəcəksiniz.
Təbiidir, bizim apardığımız iqtisadi siyasət, islahatlar, demokratiya sahəsində həyata keçirdiyimiz tədbirlərin hamısı Azərbaycanın həyatını, iqtisadiyyatını, insanların rifah halını get-gedə yaxşılaşdırır.
Siz bilirsiniz, son bir neçə ayda biz sahibkarlığın inkişafı üçün çox tədbirlər görürük. Mən bu barədə çox ciddi, çox böyük əhəmiyyətə malik olan Fərmanlar imzalamışam. Qarşıdan gələn günlərdə də çox vacib bir Fərman imzalayacağam. Dünən imzaladığım Fərman çox böyük əhəmiyyətə malikdir. Güman edirəm, sahibkarlığa çox böyük imkanlar yaradacaqdır. Bu Fərmanların hamısını imzaladıqdan sonra, bunların yekunu olaraq, mən geniş bir tədbir keçirəcəyəm. Ümidvaram ki, bunların hamısı bizim iqtisadiyyatın inkişafını daha da sürətləndirəcək, bazar iqtisadiyyatını daha da genişləndirəcəkdir.
Biz artıq son aylarda Azərbaycanda investisiyanın artmasını hiss edirik. Özü də həm daxili sahibkarlar tərəfindən, həm də xarici investorlar tərəfindən. Güman edirəm, bundan sonra daha da yaxşı olacaqdır. Ancaq bəşəriyyəti, insanları, dünyanı terrordan qorumaq lazımdır. Bu, əsas vəzifədir. Biz bir il bundan öncə elan etdiyimiz kimi, bundan sonra da antiterror koalisiyasındayıq, Amerika Birləşmiş Ştatları ilə bir yerdəyik və bu işi daim davam etdirəcəyik. 11 sentyabr faciəsinin ildönümü ilə əlaqədar öz qəmimizi, kədərimizi bir daha sizə bildiririk və sizin dərdinizə şərik çıxırıq.
ROSS UİLSON: Cənab Prezident, çox sağ olun. Əvvəlcə dediyim kimi, Amerika Birləşmiş Ştatları adı çəkilən bütün sahələrdə əməkdaşlığa görə Azərbaycana öz dərin minnətdarlığını bildirir. Biz gələcəyə ümidlə baxaraq, Sizinlə və hökumətinizlə işləmək əzmindəyik. Biz istəyirik ki, bu regiona sülh gəlsin. Biz istəyirik ki, uşaqlarımız və nəvələrimiz daha yaxşı yaşasınlar.
X X X
Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur