İQTİSADİYYAT
Azərbaycan Cenevrədə keçirilən Milli hesablar üzrə Ekspertlər Qrupunun müşavirəsində təmsil olunmuşdur
Bakı, 26 may (AZƏRTAC). Dövlət Statistika Komitəsinin nümayəndəsi Nuru Süleymanov Cenevrədə BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Avrostat və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən təşkil olunmuş Milli hesablar üzrə Ekspertlər Qrupunun müşavirəsində iştirak etmişdir.
2008-ci ilin Milli Hesablar Sisteminin (MHS) tətbiqi planlarına həsr olunmuş keçid iqtisadiyyatı ölkələri üçün xüsusi sessiyasında Nuru Süleymanov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində milli hesablar statistikası üzrə göstəricilərin təkmilləşdirilməsi, MHS 2008-in tətbiqinə dair nəzərdə tutulmuş tədbirlər, onların icrası və əldə edilmiş nəticələr barədə təqdimatla çıxış etmişdir.
Müşavirədə bazar və qeyri-bazar xidmətləri həcmlərinin, ev təsərrüfatları və ev təsərrüfatlarına məxsus qeyri-korporasiya müəssisələrində yaradılmış əlavə dəyərin, maliyyə xidmətlərinin ölçülməsi problemləri ilə bağlı məsələlər müzakirə olunmuşdur.
İclasın sonunda müşavirənin nəticələrini və gələcəkdə yerinə yetiriləcək işlərə dair tövsiyələri əks etdirən yekun sənəd qəbul olunmuşdur.