ŞƏRH
Azərbaycan Cənubi Qafqazın iqtisadi və hərbi təhlükəsizliyində önəmli aktor kimi çıxış edir ŞƏRH
Bakı, 2 noyabr, AZƏRTAC
Sovetlər İttifaqının dağılmasından sonra müstəqilliyimizi əldə edə bilsək də, çox keçmədən torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, həmin vaxt ölkədəki qeyri-sabit iqtisadi-siyasi vəziyyət müstəqillik sevincini yaşamağımıza imkan vermədi. Lakin Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi xalqda problemlərin həllinə, ölkənin parlaq gələcəyinə ümidlər yaratdı. Müstəqilliyimizin ilk illərində Azərbaycan Ordusu parçalanaraq, ayrı-ayrı şəxslərin rəhbərliyi altına düşmüşdü. Ordu dövlətin təhlükəsizliyini, ölkənin ərazi bütövlüyünü qorumaqdan daha çox şəxsi maraqlara, intriqalara alət edilmişdi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə bir çox sahələrdə olduğu kimi, ordu quruculuğunda da mühüm tədbirlər həyata keçirildi. Döyüş meydanında plansız, rəhbərsiz və təminatsız qalan, fərariliyin baş alıb getdiyi Azərbaycan Ordusunda ruh yüksəkliyi, əzm yarandı. Silahlı qüvvələr ayrı-ayrı şəxslərdən alınaraq dövlətin tam nəzarətinə keçdi. Qısa müddət ərzində görülmüş tədbirlər döyüş meydanında vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bunun da sayəsində Ermənistan tərəfindən işğal olunmuş Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri düşməndən azad olundu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Azərbaycan Ordusunun bir çox zabit heyəti 1971-ci ildə Heydər Əliyev tərəfindən yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələridir. Hərbi təhsil sisteminin daha da təkmilləşdirilməsi, milli ruhlu, dövlətə bağlı Azərbaycan hərbiçisinin formalaşdırılması üçün 1999-cu ildə Heydər Əliyev tərəfindən Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalandı. Azərbaycan Ordusu qarşısında ən başlıca vəzifə ərazi bütövlüyünün bərpa edilməsi, dövlətin suverenliyini onun bütün ərazisində təmin etmək kimi həyati əhəmiyyətli məsələlər dururdu. İlham Əliyevin prezident seçilməsi ilə bu istiqamətdə məqsədə çatmaq üçün ordumuzun inkişafı və təkmilləşməsi işi daha da sürətlə aparıldı. Dövlət büdcəsindən ən böyük maliyyə vəsaiti ordu quruculuğuna ayrılmaqla, müasir silah, hərbi texnikanın alınmasına, hərbi qulluqçuların maddi təminatının yaxşılaşdırılmasına sərf edildi. Hərbi əməkdaşlıq sahəsində beynəlxalq əlaqələrin qurulması, inkişaf etdirilməsi və şaxələndirilməsi ilə yanaşı, ölkənin milli müdafiə sənayesi də yaradıldı.
“Torpaqlarımızın işğaldan azad olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində uzunmüddətli danışıqlar aparılıb, işğalın sülh yolu ilə həll edilməsi üçün müxtəlif layihələr tərəflərə təklif edilsə də, heç bir nəticə hasil olmadı. Buna görə də dövlətimiz sülh danışıqları ilə yanaşı, müharibə variantını da unutmurdu. Bəzi ölkələr və beynəlxalq təşkilatlar işğal probleminin həll edilməsi üçün müharibə variantının olmadığını dəfələrlə təkrarlayıb, bunun ediləcəyi təqdirdə bizə qarşı müxtəlif sanksiyaların ola biləcəyi xəbərdarlığını etsələr də, Azərbaycan işğal faktı ilə barışmayacağını ən yüksək səviyyədə elan etdi, məqsədə çatmaq üçün maraqlarına uyğun siyasi xəttini davam etdirəcəyini bildirdi. Dövlət çox gözəl bilirdi ki, digər vasitələri təmin etmədən güclü ordumuz olsa belə, müharibədə qələbə əldə etmək və qələbəni rəsmiləşdirmək qeyri-mümkündür. Ona görə də qələbəyə aparan bir neçə yol paralel şəkildə inkişaf etdirilirdi. Eyni zamanda, işğala son qoymaq, qələbəni təmin etmək üçün siyasi, iqtisadi və hərbi idarəçilik nəzəriyyələrində göstərilmiş bütün şərtlər təmin edilmişdi. Bundan əlavə, güclü ordu və xalqın birliyi formalaşmışdı, dövlətdə iqtisadi-siyasi sabitlik qurulmuşdu, beynəlxalq münasibətlər sistemində düzgün siyasi əlaqələr yaradılmışdı.
Aparılan sülh danışıqlarının nəticəsizliyində torpaqların hərbi yolla işğaldan azad edilməsi üçün Azərbaycan dövləti tərəfindən hər bir şey hazırlanmışdı. Xalq və ordu tərəfindən uzun illərdir gözlənilən əmr Ali Baş Komandan İlham Əliyev tərəfindən 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələrinə verildi. İlk andan qəhrəman Ordumuz öz gücünü düşməni əzməklə nümayiş etdirdi və noyabrın 8-də az sayda qüvvə ilə böyük tarixi və mədəni dəyəri olan Şuşa şəhərini 28 illik işğaldan azad etməklə müharibənin taleyini həll etdiyini göstərdi. Azərbaycan Ordusu 44 günlük əks-hücum əməliyyatı ilə düşmənin və onun imperialist dəstəkçilərinin 200 illik işğal planını məhv edərək, onu təslim aktını imzalamağa məcbur etdi. Müharibə müddətində İlham Əliyev Prezident, Ali Baş Komandan və Baş diplomat kimi dünyaya Azərbaycan xalqının savadını, əzmini, milli ruhunu, xalqın vahidliyini təcəssüm etdirdi. Xalq-ordu-dövlət-lider düsturu özünü doğrultdu”, - deyə Y.Hacızadə vurğulayıb.
Politoloq əlavə edib ki, Azərbaycan uzunmüddətli işğala son qoymaqla regionda yeni reallıqlar formalaşdırdı. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “biz dünya miqyasında çox böyük layları tərpətdik”. Ona görə də bəzi qüvvələr, ölkələr bu layların altında qaldı, bəziləri isə yeni güc olaraq meydana çıxdı. Bu səbəbdən də bu gün ölkəmiz Cənubi Qafqazın və ətraf regionların iqtisadi və hərbi təhlükəsizliyinin təmini üçün önəmli aktor olaraq çıxış edir.