İDMAN
Azərbaycan çempionu Zaqrebin “Dinamo” komandası ilə qarşılaşa bilər
Bakı, 10 aprel (AZƏRTAC). “Neftçi” komandası futbol üzrə Unibank Premyer Liqasının qalibi olacağı halda, Çempionlar Liqasının II təsnifat mərhələsində yenidən Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə üz-üzə gələ bilər.
AZƏRTAC xəbər verir ki, “Dinamo” Xorvatiya çempionatının sonuna 5 tur qalmış qızıl medalları özünə təmin etmişdir. Hazırda Zaqreb təmsilçisi ən yaxın izləyicisi “Hayduk”u 15 xal qabaqlayır. Çempionatın yekununda bu iki komandanın xalları bərabərləşsə belə, şəxsi oyunlarda üstünlük “Dinamo”nun tərəfindədir.
“Neftçi” isə ardıcıl 2-ci mövsüm Azərbaycan çempionu olmağa çox yaxındır. Flaqman finişə 5 tur qalmış ən yaxın izləyicisi “Xəzər Lənkəran”ı 6 xal qabaqlayır. Yenidən qızıl medal qazanacağı halda “Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaqdır. Bu zaman potensial rəqiblər arasında Zaqreb “Dinamo”su da olacaqdır.
Qeyd edək ki, 2011-2012-ci il mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” Zaqrebdə “Dinamo”ya 0:3 hesabı ilə məğlub olmuş, Bakıda keçirilən cavab oyununda 0:0 hesablı heç-heçə ilə kifayətlənərək mübarizəni dayandırmışdı.