İDMAN
Azərbaycan cüdoçularının “Böyük dəbilqə” turnirindəki ilk rəqibləri müəyyənləşmişdir [YENİLƏNİB]
Bakı, 4 may (AZƏRTAC). Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günü tatami üzərinə 25 Azərbaycan cüdoçusu çıxacaqdır. Artıq idmançılarımızın ilk rəqibləri müəyyənləşmişdir.
Belə ki, yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq İlqar Müşkiyev Filipp Qrafla (Almaniya), Vüqar Şirinli Herlen Handboldla (Monqolustan), Orxan Səfərov Rüstam İbrayevlə (Qazaxıstan), Oruc Vəlizadə isə Paata Merebaşvili (Gürcüstan) ilə qarşılaşacaqlar.
Milli komandamızın 66 kiloqram çəki dərəcəsindəki üzvləri Tərlan Kərimov qazaxıstanlı Aybek İmaşevi, Nicat Şıxəlizadə almaniyalı Entoni Zinqanı, Elvin Mustafayev gürcüstanlı Şalva Kardavanı, Turan Seyidov monqolustanlı Tumurxuleq Davadorju sınağa çəkəcəklər.
Digər cüdoçularımız - Rüstəm Orucov Bekzat Manasbayevlə (Qazaxıstan), Hüseyn Rəhimli Hasan Vanlıoğlu (Türkiyə) ilə, Nadir Babayev Marselo Kantini (Braziliya) ilə, Vüqar Bayramov Nikolas Delpopolo (ABŞ) ilə üz-üzə gələcəklər (hamısı 73 kq).
Qadın idmançılarımızdan 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı Otqonçeçeq Qalbadraxla (Monqolustan), Çinarə Quliyeva Ebru Şahinlə (Türkiyə), Şəfəq Məmmədova Tatyana Cabrayılova (Ukrayna) ilə, Elvira Buttayeva Marina Krotla (Ukrayna) qarşılaşacaqlar.
Yarışda 52 kiloqram çəki dərəcəsində mübarizə aparacaq qadın idmançılarımızın ikisi ukraynalı cüdoçularla üz-üzə gələcəkdir - Turanə Seyidi - Tatyana Leviçkoy, Vəfa Eyvazova - Aleksandra Starkova. Digər cüdoçularımız Nəzakət Xəlili monqolustanlı Çolmon Adıyasambu ilə, Gülşən Nəzərova isə britaniyalı Lyusi Reneks ilə üz-üzə gələcəklər.
“Böyük dəbilqə” turnirinin favoritlərindən olan Kifayət Qasımova (57 kq) almaniya Mariam Roperlə, Şəhanə Hüseynova (57 kq) almaniya Yahon Müllerlə, Firuzə Rəfiyeva (57 kq) rusiyalı Yekatirina Elizarova ilə qarşılaşacaqlar.
Yarışda 63 kiloqram çəki dərəcəsində iki Azərbaycan - Almaniya dueli keçiriləcəkdir - Xanım Hüseynova - Klaudia Axrens və Nuriyə Axundova - Martina Traydus.