İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları ” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında müqavilə imzalanıb VİDEO


Bakı, 13 may, Gülnar Bəşirova, AZƏRTAC
Mayın 13-də Bakı Expo Mərkəzində “Azərbaycan Dəmir Yolları” QSC və İsveçrənin “Stadler Rail Group” şirkəti “TransCaspiang-2015” beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarının alınmasına dair müqavilə imzalayıblar.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yollarında reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, hazırda Azərbaycan Dəmir Yollarının yenilənməsi davam edir. “Stadler Rail Group” şirkəti ilə bağlanan bu müqavilə də həmin işlərin bir hissədir. Bu şirkətin qatarları Rusiyada, Almaniyada, Avstriyada hərəkət edir və yüksək keyfiyyətə malikdir.
C.Qurbanov yeni qatarların 15-20 il müddətinə əmtəə krediti formasında Azərbaycana verildiyini diqqətə çatdırıb. Yeni qatarlardan bütün vətəndaşlar istifadə edə biləcək. Yeni elektrik qatarlarının alınması “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin rahatlığını təmin etmək üçün hər cür şərait mövcuddur. Qatarın ümumi sərnişin tutumu 919 nəfərdir. Oturacaqların sayı isə 396-dır, onlardan 84-ü biznes sinfinə aiddir.
Qeyd olunub ki, tərəflər arasında danışıqlar artıq uzun müddətdir aparılır. Əldə olunmuş razılığa əsasən, ilk 2 qatar bu ilin iyun ayında Azərbaycana gətiriləcək. Həmin qatarlar da I Avropa Oyunlarının keçiriləcəyi müddətdə Olimpiya stadionu yaxınlığında yerləşən dəmir yolu stansiyası ilə Bakı dəmir yolu vağzalı arasındakı sahədə istismara buraxılacaq.
“Azərbaycan dəmir yollarında hərəkət edən qatarların sürəti artırılandan sonra gələcəkdə bu qatarlardan ölkənin regionlarına - Gəncə, Xaçmaz və digər mümkün olan istiqamətlərdə istifadə edəcəyik. Sonuncu qatarların 2016-cı ilin yanvar ayınadək Azərbaycana gətirilməsi nəzərdə tutulub. Bundan sonra həmin 5 elektrik qatarı dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istismara buraxılacaq, qatarların istismarda olduğu ilk 2 ayda “Stadler Rail Group” şirkəti tərəfindən maşinistlərə təlim keçiləcək”, deyə C.Qurbanov bildirib.
“Stadler Rail Group” şirkətinin sədri Peter Şpuler qatarların alınmasına dair müqaviləni yüksək qiymətləndirib. Bildirib ki, Avstriya, İsveçrə, Almaniya, Rusiya, Lüksemburq və Azərbaycan da daxil olmaqla artıq altıncı ölkədir bu qatarlardan sifariş verib, 200-dən çox qatar artıq satılıb. Peter Şpuler Gəncədə inşa edılən “Stadler” vaqon zavodunun Azərbaycana Avropa texnologiyası gətirəcəyinə ümid etdiyini bildirib.