İQTİSADİYYAT
Azərbaycan Dəmir Yolunun 135 illiyinə həsr olunan sənədli film hazırlanıb

Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycanda dəmir yolunun yaranmasının 135 illiyi ərəfəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyi tərəfindən “Dünyaya açılan pəncərə” adlı sənədli film hazırlanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, filmdə Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və onun inkişaf mərhələləri, 1941-1945-ci illərdə Azərbaycan dəmiryolçularının öz iş fəaliyyətlərinin istiqamətini dəyişərək ön cəbhənin tələblərinin yerinə yetirilməsi və qələbənin tezləşdirilməsinə yönəltməsi, 1941-ci il iyulun 23-də qatarların hərəkətinin xüsusi hərbi qrafikə keçirilməsi, sərnişin vaqonlarının sanitar vaqonları kimi yenidən quraşdırılması, Bakı vaqon təmiri zavodunda döyüş sursatlarının istehsal edilməsi tarixi görüntülərdə öz əksini tapıb.
Eyni zamanda Azərbaycan Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrünün ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə etməsi, həmin illərdə 14300 texniki yeniləşmə metodunun tətbiq edilməsi və bunun dəmir yolunun bütün sahələrini əhatə etməsi, onun alternativi olmayan siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əks olunur.
Filmin məsləhətçisi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, rejissoru Nadir Əzməmmədov, ssenari müəllifi Vasif Süleyman, operator və montaj edəni Xəqani Hüseynzadədir.