AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ 90 İLLİYİ İLƏ ƏLAQƏDAR QƏTƏRDƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Azərbaycanın Qətər Dövlətindəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlik 28 May - Respublika günü münasibəti ilə Dohadakı “İntercontinental” mehmanxanasında bayram tədbiri təşkil etmişdir.
Dohada ilk dəfə keçirilən tədbirə Qətər Dövləti tərəfindən əsas qonaq qismində Dövlət Audit Bürosunun prezidenti Salah Qanim əl-Ali iştirak etmişdir.
Qətərin dövlət və hökumət təmsilçilərinin, diplomatların, iş adamlarının, jurnalistlərin və soydaşlarımızın iştirak etdikləri tədbirdə Azərbaycan səfiri Eldar Səlimov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat vermişdir.
Azərbaycan-Qətər əlaqələrindən söz açan diplomat ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin hazırki səviyyəsi haqqında danışmışdır. E.Səlimov Ermənistanın Azərbaycana hərbi təcavüzü və bunun nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfinin bu məsələdə tutduğu prinsipial möv e barədə məlumat vermişdir.
Tədbirdə Azərbaycanın turizm imkanlarına dair film nümayiş olunmuş, milli musiqimiz səslənmişdir.
Azərbaycanın milli bayramı yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Ölkənin nüfuzlu “Əl-Raya” qəzetində 28 May- Respublika günü münasibəti ilə “Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə Azərbaycanın XX əsrdə iki dəfə müstəqilliyini bərpa etməsindən, Ermənistanın ölkəmizə hərbi təcavüzündən, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkənin siyasi və iqtisadi böhrandan çıxmasından, regional layihələrin həyata keçirilməsindən, ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan söz açılmışdır.
Məqalədə, həmçinin Azərbaycan ilə Qətər arasında inkiaf edən əlaqələrə toxunulmuş, qarşılıqlı səfərlərinin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunmuşdur.