ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin tələbələri Yaponiyada təcrübə keçəcəklər
Bakı, 1 iyul (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) iki tələbəsi Yapon Fondunun ikihəftəlik, Yaponiya Təhsil Nazirliyinin birillik “Təcrübə proqramı” çərçivəsində bu ölkədə təcrübə keçəcəklər.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İkihəftəlik “Təcrübə proqramı”na əsasən universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin yaponşünaslıq ixtisasının ikinci kursunda təhsil alan tələbələr - Aqşin Bədəlbəyli test imtahanlarında göstərdiyi yüksək nəticələrə görə I yeri, Zərifə Aydayeva isə II yeri tutaraq Yapon Fondunun Osaka Beynəlxalq Yapon Dili Mərkəzində təcrübədə olacaqlar. İkinci kurs tələbəsi Aqşin Bədəlbəyli, eyni zamanda birillik “Təcrübə proqramı” çərçivəsində test imtahanı nəticələrinə görə III yerə layiq görülmüş və Yaponiya Təhsil Nazirliyinin Saytama, Vaseda və Sooka universitetlərindən birində təcrübə keçmək imkanı əldə etmişdir. Aqşin Bədəlbəyli birillik proqram üzrə sentyabr, Zərifə Aydayeva isə ikihəftəlik proqram üzrə avqust ayında Yaponiyaya yola düşəcəklər.
Xatırladaq ki, bunun üçün bu il martın 16-da Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə yaponşünaslıq ixtisasında təhsil alan əlaçı tələbələr üçün test imtahanı keçirilmişdi. Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən keçirilən test imtahanında tələbələrə yapon dilinin qrammatikası, heroqliflərin düzgün yazı qaydalarından ibarət suallar təqdim edilmişdi. Test imtahanında Azərbaycan Dillər və Bakı Dövlət universitetlərinin yaponşünaslıq ixtisasında təhsil alan tələbələri iştirak etmişlər.