MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının oktyabr ayı üçün repertuarı zəngindir
Bakı, 1 oktyabr (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının oktyabr ayı üçün repertuarı zəngindir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 2-də P.Çaykovskinin “Romeo və Cülyetta”, M.Ravelin “Bolero” baletləri, ayın 6-da Q.Qarayev “Leyli və Məcnun” baletləri oynanılacaqdır. Oktyabrın 6-da, həmçinin F.Qarayevin “Qobustan kölgələri” baletinin premyerası olacaqdır.
Teatrın kollektivi oktyabrın 12-də C.Verdinin “Trubadur” operasını, ayın 13-də isə Q.Qarayevin “Don Kixot”, N.Rimski-Korsakovun “Şəhrizad” baletlərini təqdim edəcəkdir.
Oktyabrın 18-də teatrın səhnəsində “Viva İspaniya 2013” Beynəlxalq flamenko müsabiqəsinin qalibi “Amiqos-del arte” qrupunun konserti olacaqdır.
Tamaşaçılar oktyabrın 19-da F.Əmirovun “Min bir gecə” baletinə, ayın 20-də isə L.Vaynşteynin uşaqlar üçün “Zoluşka” operasına baxa bilərlər.
G.Donisettinin “Sevgi şərbəti” operasının premyerası oktyabrın 23-də olacaqdır.
P.Çaykovskinin “Qu gölü” baleti oktyabrın 26-da, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası ayın 27-də, F.Əmirovun “Sevil” operası isə oktyabrın 30-da təqdim ediləcəkdir.